Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Jilina” klubu 2017-18 mövsümünün hazırlıqlarına başlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Slovakiya çempionu ilk gündən heç də tam heyətlə hazırlıq keçə bilmir.
Yeni mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq komanda 23 oyunçu ilə məşqlər start verib. Denis Vavro, Robert Mazan, Miroslav Kaçer və Nikolas Spalek Slovakiyanın, Filip Kaşa isə Çexiyanın U-21 yığmasının heyətində olduqları üçün klubdan ayrı qalıblar. Kamerunlu Ernest Mabuka da yığmasının heyətində Konfederasiyalar Kubokuna hazırlaşır.
Yığma komandaları ilə DÇ-2018-in seçmə mərhələsində oyun keçirən moldovalı Yevgeni Kosiukla həmyerlimiz Ramil Şeydayevə isə məşqçilər korpusu əlavə bir neçə günlük istirahət imkanı verib.
Qeyd edək ki, müqavilə ilə “Trabzonspor”a məxsus olan Şeydayev qarşıdakı mövsümü də icarə əsasında “Jilina”da keçirəcək.