Azərbaycan əsilli futbolçu Ramil Şeydayevin yetirməsi olduğu “Zenit” klubundan ayrılmasının səbəbi bəlli olub. Apasport.az saytı “Milliyet”ə istinadən xəbər verir ki, 20 yaşlı hücumçu Sankt-Peterburq təmsilçisini öz istəyi ilə tərk etməyib.
Məsələ burasındadı ki, Şeydayevin komandadan göndərilməsini “Zenit”in yeni baş məşqçisi Mirça Luçesku istəyib. Rumıniyalı çalışdırıcı Avstriya toplanışında Ramili sınaqdan keçirsə də, ondan gözlədiyi effekti ala bilməyib. Buna görə də, Şeydayevin ona lazım olmadığını vurğulayaraq, başqa kluba satıla biləcəyini qeyd edib.
Bu isə Türkiyənin “Trabzonspor” klubu üçün göydəndüşmə olub. Bir müddətdi Şeydayevlə maraqlanan “bordo-mavililər”, nəhayət, istəklərinə çatıblar. Məlum olub ki, “Trabzonspor” rəhbərliyi əvvəlki illərdə də bir neçə dəfə Ramilin transferinə cəhd edib. Lakin bu keçidi reallaşdırmaq alınmayıb. Bu mənada, Şeydayevin Qaradəniz təmsilçisinə transfer edilməsində Luçeskunun “rolu” olub.
Qeyd edək ki, ötən mövsüm “Zenit”in əvəzedici komandasında 13 matçda 10 qol vuran Şeydayevin əsas komandaya cəlb ediləcəyi gözlənilirdi. Lakin baş tutan məşqçi dəyişikliyi gənc futbolçunun planlarını korlayıb.