“İnter”in uzun müddətdi zədəli olan futbolçusu Rauf Əliyevin yaşıl meydanlara nə vaxt qayıdacağına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, yığmamızın üzvü gələn ayın əvvəlində yaşıl meydanlara dönəcək.
Paytaxt klubunun meneceri Aleksey Barvinskinin sözlərinə görə, Raufun vəziyyəti gündən-günə yaxşılaşır: “Artıq kollektivlə birgə məşqlərdə iştirak edir. Zədəsini sağaltmaq üzrədi. Təxminən 2 həftədən sonra tam sıraya dönəcək”.
Lakin bu o demək deyil ki, Rauf sıraya dönən kimi “İnter”in əsas komandasına kömək edə biləcək. 27 yaşlı hücumçu formasını bərpa etmək üçün bir müddətlik əvəzedici komandaya göndəriləcək: “Raufu əvvəlcə əvəzedici heyətdə meydanda görə biləcəyik. Gərək formasını tam bərpa etsin ki, əsas komandaya qayıtsın”.
Qeyd edək ki, Rauf Əliyev Topaz Premyer Liqasının cari mövsümündə 4 oyunda iştirak edib.