Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komandası “Ayntraxt” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, Bundesliqa təmsilçisinin yay fasiləsində anlaşdığı oyunçu sayı 5-ə yüksəlib.
“Utrext”dən Sebastyan Alleni, “Renn”dən Jelson Fernandeşi, “Bayer”dən Danni da Kostanı transfer edən, həmçinin U-19 komandasından Renat Dadaşovla peşəkar müqavilə bağlayan Frankfurt təmsilçisi bu dəfə müdafiə xəttindəki problemi yoluna qoyub. Belə ki, Xesus Valyexo müqavilə ilə məxsus olduğu “Real”a döndüyündən, müdafiənin mərkəzindəki boşluq meksikalı Karlos Salsedo ilə doldurulub. “Ayntraxt” onu “Qvadalaxara” klubundan birillik icarəyə götürüb.
Həmçinin “Münhen 1860”ın qapıçısı Yan Zimmermannla bu həftə rəsmi müqavilə imzalamağı düşünən “Ayntraxt” rəhbərliyi müdafiənin mərkəzinə, orta sahəyə və yarımmüdafiənin cinahına daha bir oyunçu alacaq.
İyulun 1-də təlim-məşq toplanışına başlayacaq Bundesliqa klubu gələn ayın 6-19-u aralığında ABŞ-da, iyulun 24-dən avqustun 1-dək İtaliyada hazırlıq keçəcək. Komanda ABŞ-da olduğu müddətdə “Sietl Saunders” (8 iyul), “San-Xose” (15 iyul) və “Kolambus”la (18 iyul) yoxlama görüşündə qüvvəsini sınayacaq.