Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu “Ayntraxt” heyətini gücləndirməkdə davam edir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bundesliqa təmsilçisi yarımmüdafiə xəttinə yeni oyunçu cəlb edib.
Belə ki, “Napoli”nin orta sahə oyunçusu Conatan De Quzman yeni mövsümdən Dadaşovla çiyin-çiyinə çıxış edəcək. Hollandiya millisinin üzvü frankfurtlularla 3 illik müqaviləyə qol çəkib. “Feyenoord”, “Malyorka”, “Vilyarreal”, “Suonsi” kimi klubların formasını geyinmiş 30 yaşlı oyunçu ötən ili icarə əsasında “Karpi” və “Kyevo”da keçirib.
Bu gün ABŞ-a yollanaraq rəsmi müqaviləyə qol çəkən De Quzman həmin ölkədə təlim-məşq toplanışında olan kollektivə qoşulub.
Qeyd edək ki, Renat Dadaşov bu yay “Ayntraxt”la 3 illik müqavilə imzalayıb.