[b]Rəşad Sadıqov “Qarabağ”ı Gənclər Liqasına aparır[/b]
10.05.2017 - 18:01
[b]Rəşad Sadıqov “Qarabağ”ı Gənclər Liqasına aparır[/b]

Bu gün AFFA-nın keçirdiyi U-19 Liqasında XXXI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, çempionatın liderləri “Qarabağ”la “Qəbələ” turun mərkəzi oyununda üz-üzə gəlib.

 

Ötən mövsümün çempionu olan “qırmızı-qaralar”la hazırkı liderin görüşü Şamaxı Olimpiya Kompleksində keçirilib. Görüş çempionluğun taleyinə aydınlıq gətirib.

 

Azərbaycan milli komandasının və “Qarabağ” kapitanı Rəşad Sadıqovun baş məşqçisi olduğu Ağdam təmsilçisinin U-19 komandası 3:1 hesabı ilə qalib gələrək sona iki tur qalmış qızıl medalları təmin edib. Belə ki, Sadıqovun komandası xal hesabını 84-ə çatdırıb və 10 xal qabaqladığı izləyici üçün əlçatmaz olub.

 

Bununla da “Qarabağ” UEFA-nın Gənclər Liqası yarışında Azərbaycanı təmsil etmək hüququ qazanıb. Ağdam təmsilçisi tarixində ilk dəfə gənclərin avrokubok yarışında qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, Azərbaycan yarışda 2015/16 mövsümündə “Rəvan”, 2016/17 mövsümündə “Qəbələ” ilə təmsil olunub.