“Qəbələ” klubunun kapitanı Rəşad Sadıqov Avropa Liqasının II təsnifat mərhələsinin MTK (Macarıstan) ilə cavab oyunundan (2:0) sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Oyunu necə dəyərləndirirsiniz?
- Asan olmadı. Bəlkə də rəqibdən təcrübəli olduğumuza görə daha yaxşı oynayıb, 2 qol vurdu. İkinci hissədə də şanslarımız var idi. Bütün hallarda, mərhələni qələbə qazanaraq adladığımıza görə şadam.
- Sizin də qol vurmaq şansınız oldu. Əlinizə düşən şansı qaçırdığınıza görə çox təəssüfləndiniz...
- Fərqlənməyi çox istəyirdim. Çünki avrokuboklarda 7 qol vurmuşam. Rekordçular siyahısına düşmək üçün 1 qola ehtiyacım var. Əslində, aktivimdəki qolların sayı 8 olmalı idi. UEFA birini “yeyib”.
- İkinci hissədə komanda sanki dayandı. Bu nəticədən irəli gəlirdi?
- Dayanmadıq. Kənardan belə görünə bilər. 4-5 real qol epizodumuz oldu. Sadəcə, rahat oynayırdıq. Komanda top saxlamağa çalışırdı. Özümüzü yormaq istəmirdik. Həm də hava çox isti idi.
- Növbəti rəqib "Lill"di. Nəsə deməyə ehtiyac varmı?
- Rəqib hamıya tanışdı. "Lill" haqda danışmağa dəyməz. Necə komanda olduğunu bilirsiz. Hələ analiz etməmişik. Çünki fikrimizi bu oyuna yönəltmişdik. Yəqin istirahətdən sonra müəyyən informasiya toplayacağıq.
- Rəqibin adı istər-istəməz psixoloji baxımdan təsir edirmi?
- Bu cür komandalara qarşı motivasiya olmağa ehtiyac yoxdu. Rəqibin adı səni oyuna kökləyir. Toparlanmalı, diqqətli olmalıyıq.
- “Lill” səddini nəyin hesabına keçmək mümkündü?
- Tək istəklə heç nə həll olmur. Komanda komplekləşməlidi. Vuruşmaqla bir mərhələ keçməyin mümkünndü. Amma sona qədər getmək üçün taktiki, texniki, fiziki baxımdan hazır olmalısan. İstəkdən başqa oyun planında da yaxşı təsir bağışlamalısan.
- Amma ötən il istəkli olmağınız sayəsində qrup mərhələsinə yüksəldiniz...
- Tək istəklə olan şey deyil. Oyun keyfiyyəti də vacibdi. Bu il daha keyfiyyətli oyun nümayiş etdiririk. Ötən il Dodo, Qay kimi texnikalı futbolçularımız var idi. Həm də rəqiblərimiz indikilərlə müqayisədə bir qədər zəif idilər. “Lill” ilə “Apollon” və “Panatinaikos”u tərəzinin eyni gözünə qoymaq olmaz. Ancaq özümüzə inanırıq.