Bu gün Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin doğum günüdü. Apasport.az saytı xəbər verir ki, xorvatiyalı çalışdırıcı 1969-cu il, məhz yanvarın 12-də anadan olub.
47 yaşını tamamlayan məşqçi Qərbi Almaniyanın Şvenningen şəhərində dünyaya göz açıb. Atası xorvat, anası serb olan Prosineçki 10 yaşına kimi Almaniyada yaşayıb. 1979-cu ildə isə ailəsi ilə birlikdə Xorvatiyaya yollanaraq, uşaqlığının qalan illərini məhz orda keçirib.
1980-ci ildən Zaqreb “Dinamo”sunda futbolun sirlərini öyrənməyə başlayan Prosineçki daha sonra “Srvena Zvezda” (Serbiya), Madrid “Real”ı, “Oviedo”, “Barselona”, “Sevilya” (hamısı İspaniya), “Hrvatski Draqovolyats” (Xorvatiya), “Standard” (Belçika), “Portsmut” (İngiltərə), “Olimpiya” (Sloveniya) və “Zaqreb” (Xorvatiya) klublarının formasını geyinib.
1994-2002-ci illər ərzində Xorvatiya yığmasının şərəfini qorumuş Prosineçki butslarını 2004-cü ildə mismardan asıb. İki il sonra məşqçilik karyerasına başlayaraq, əvvəlcə Xorvatiya millisində köməkçi-məşqçi funksiyasını yerinə yetirib. 2010-2012-ci illər ərzində “Srvena Zvezda”ya rəhbərlik etmiş Prosineçki daha sonra 1 il “Kayserispor”da fəaliyyət göstərib. 2014-cü ildən isə millimizin “sükanı” arxasındadı.