Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki diqqət mərkəzinə düşüb. Apasport.az saytı xəbər verir ki, xorvatiyalı çalışdırıcı “Barselona”nın tarixi ərzində həyata keçirdiyi ən uğursuz transferlərin siyahısında yer alıb.
Belə ki, İspaniya mətbuatı Kataloniya klubunun uğurlu və uğursuz transferlərindən ibarət siyahı tərtib edib. “Barsa”da özünü doğruldan oyunçuların sırasında Ronaldo, Rivaldo, Ronaldinyo, Suares və Neymar kimi futbolçular qərarlaşıb.
Uğursuz transferlərin sırasına isə Vitor Baya, Covanni, Mark Overmars, Emmanuel Peti və Kristof Duqarri ilə birlikdə Prosineçki də düşüb.
1995-ci ildə “Barselona”ya transfer olunan xorvatiyalı yarımmüdafiəçinin zədələr səbəbindən Kataloniya klubunda barmaqla sayılacaq qədər yaxşı oyun keçirdiyi qeyd olunub.
Qeyd edək ki, “Barsa”da 1 mövsüm oynayan Prosineçki bu komandanın heyətində meydana çıxdığı 20 oyunda 4 qola imza atıb.