[b]Robert Prosineçki yarmarka açdı[/b]
03.03.2016 - 10:29
[b]Robert Prosineçki yarmarka açdı[/b]

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin ölkəsinə yollanmasının səbəbi bəlli olub. Apasport.az jutarnji.hr saytına istinadən xəbər verir ki, xorvatiyalı çalışdırıcı Zaqrebdə yarmarkanın açılışında iştirak edib.

 

Ötən həftəsonu baş tutan açılışa Prosineçki ilə birlikdə həmyerlisi, 81 yaşlı məşqçi Miroslav Blajeviç də qatılıb.

 

Prosineçkinin həmin yarmarkaya Azərbaycan yığmasındakı köməkçisi Yanko Yankoviçlə birlikdə sərmayə qoyduğu bildirilir. 47 yaşlı çalışdırıcı məhz bu səbəbdən açılış mərasiminə özü də qatılıb.

 

Təkcə yığmamızdakı fəaliyyəti ilə kifayətlənməyən Prosineçki yayda Fransada keçiriləcək Avropa çempionatı zamanı da boş dayanmayacaq. Belə ki, o, Xorvatiya millisinin oyunlarında ekspert-şərhçi funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, 2002-ci ildə keçirilən dünya çempionatında eyni missiyanı Prosineçkinin yaxın dostlarından olan Blajeviç yerinə yetirmişdi.