Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov, nəhayət ki, peşəkar müqavilə bağlayıb. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, 27 yaşlı forvard gələn mövsümdən III Bundesliqada çıxış edəcək.
Belə ki, Şimal Şərq Regional Liqasında Berlin “Dinamo”sunun formasını geyinən Dadaşov “Proyssen” klubu ilə anlaşıb. Yığmamızın keçmiş üzvü Münster təmsilçisi ilə 2 illik rəsmi müqaviləyə qol çəkib.
Hazırda 23 qolla Şimal Şərq Regional Liqasında bombardirlər yarışına başçılıq edən Rüfət mövsüm başa çatan kimi, “Dinamo”nu tərk edəcək. Onun Berlin klubu ilə müqavilə müddəti yaya qədər olduğundan, bu transfer “Proyssen”ə havayı başa gəlib.
Keçidi ilə bağlı qısa fikir bildirən hücumçu yeni komandasında uğur qazanacağını düşünür: “Baş məşqçi və idman direktoru Malte Metselderlə müzakirələr zamanı onların mənə nə qədər güvəndiklərini gördüm. Bu üzdən seçim etməkdə çətinlik çəkmədim və “Proyssen”də uğur qazanacağıma inanıram. Düzdü, "10 nömrə" kimi çıxış etməyi də bacarıram. Amma mən mərkəz hücumçusuyam və cərimə meydanına girməyi, qollar vurmağı xoşlayıram”.
Metselder isə Dadaşovun qollarını bu komandada sıralayacağına inandığını deyib: “Onu uzun müddət idi yaxından izləyirdik. Çox yaxşı qol duyumu var. Komandanı gücləndirəcəyinə əminik. Dadaşovla bağlı hansısa narahatlığımız yoxdu”.
Qeyd edək ki, “Proyssen” III Bundesliqada 32 turdan sonra 13-cü pillədə qərarlaşıb.