[b]Rusiya klubunun prezidenti: Yəqin ki, azərbaycanlılar güclənəcəklər[/b]
18.10.2014 - 18:42
[b]Rusiya klubunun prezidenti: Yəqin ki, azərbaycanlılar güclənəcəklər[/b]

“Qrupumuzun meydan sahibi olan “Era-Pak” Çexiyanın çoxillik çempionudur. Bu komanda ispaniyalı baş məşqçisi və heyətində milli oyunçuları olan güclü rəqibdir. Çexiya klubları öz meydanlarında ənənəvi olaraq güclü çıxış edirlər”. Apasport.az saytının məlumatına görə, bunu “Dina” futzal klubunun prezidenti Sergey Kozlov deyib.

 

Dünən İsveçrənin Nyon şəhərində keçirilən UEFA Kubokunun elit mərhələsinin püşkatması keçirilib. Son 10 ilin ölkə çempionu “Araz”ın bəxtinə Rusiyanın “Dina” və Slovakiyanın “Slov-Matik” klubları düşüb. Növbəti rəqib isə əvvəldən bəlli olan Çexiyanın “Era-Pak” klubudur.

 

“Dina”nın prezidenti püşkatmaya münasibət bildirib: “Araz” son “Dördlər finalı”nı qəbul etmiş bir komandadır. İndi onları Moskva “Dinamo”sunun sabiq baş məşqçisi, uğurlu mütəxəssis hesab olunan Tino Peres çalışdırır. Yəqin ki, azərbaycanlılar elit mərhələnin oyunlarından öncə güclənəcəklər. Slovakiya çempionu “Slov-Matik” isə yaxşı ənənələri və Avropa səviyyəli oyunçuları olan ciddi bir komandadır.

 

Kozlov mübarizə aparacaqları B qrupunun asan göründüyünü, amma belə olmayacağını söyləyib: “İlk baxışdan bizim qrup kifayət qədər rahat görünür. Çünki “Barselona”, “Sportinq” və “Kayrat” bizə düşmədi. Ancaq düşünmürəm ki, bizə asan olacaq. Biz yaxşı hazırlaşmalı və “Dördlər finalı”na çıxmağı rəsmiləşdirməyənədək bu haqda düşünməməliyik. Hər matçda qələbəyə oynamaq lazımdır”.

 

Qeyd edək ki, “Araz” noyabrın 18, 19 və 21-də rəqibləri ilə qarşılaşacaq. Oyunlar Çexiyanın Pardubitse şəhərinin “ÇEZ Arena”sında keçiriləcək.

0