[b]Rusiya millisinin üzvü “Qalatasaray”da[/b]
09.06.2016 - 09:25
[b]Rusiya millisinin üzvü “Qalatasaray”da[/b]

“Qalatasaray” yay fasiləsinin ilk transferini reallaşdırmağa hazırlaşır. Apasport.az saytının Almaniyanın “Bild” nəşrinə istinadən məlumatına görə, Roman Noyştadter gələn mövsümdən “cim-bom”un formasını geyinəcək.

 

Müdafiə xəttindəki problemləri yoluna qoymaq üçün çoxdandı bir neçə oyunçu ilə danışıq aparan İstanbul nəhəngi, xüsusən də, azad agent statusu daşıyan futbolçulara maraq göstərir. “Şalke” ilə müqavilə müddəti başa çatan Noyştadterlə danışıqlar isə artıq müsbət nəticələnib.

 

Rusiya millisinə çağırılan Almaniya əsilli oyunçunun meneceri “sarı-qırmızılılar”la ortaq məxrəcə gəlib. Münasibətlərin rəsmiləşməsi üçün tərəflər 28 yaşlı müdafiəçinin “Şalke” ilə iyulun 1-dək olan müqavilə müddətinin başa çatmasını gözləməlidilər. Noyştadterin yeni komandasında illik məvacibi 2 milyon avro təşkil edəcək.

 

Heyətində “təmizləmə işləri” aparmağı planlaşdıran “Qalatasaray” rəhbərliyi Yasin Öztəkin, Umut Bulut, Bilal Kısa kimi futbolçulara təkliflərin gəlməsini gözləyir.

 

Qeyd edək ki, 2012-2016-cı illərdə “Şalke”nin formasını geyinən Roman Noyştadter bu komandanın heyətində 159 oyun keçirib, 8 qola imza atıb.