[b]Ruslan Abışov: Narahat olmağa dəyməz – MÜSAHİBƏ[/b]
20.04.2016 - 17:40
[b]Ruslan Abışov: Narahat olmağa dəyməz – MÜSAHİBƏ[/b]

“Qəbələ”nin və Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun apasport.az saytına müsahibəsi

 

- “Rəvan”la çempionat oyunda zədələnmişdiniz. Hazırda vəziyyətiniz necədi?

- Qasıq nahiyəmdə yırtıq var. Gözləmədiyim anda zədə aldım. Hazırda zədəmi müalicə edirəm. İnşallah, 10 günə sıraya qayıdaram.

 

- Son vaxtlar tez-tez zədələnirsiz. Sanki bəxt sizdən üz döndərib...

- Futboldu da, belə hallar hamının başına gələ bilər. O biri zədəmlə bağlı problem qalmayıb. Hazırkı zədəmi də qısa zamanda sağaldacağıma inanıram.

 

- “Qəbələ” son vaxtlar inamsız təsir bağışlayır. Qeyri-stabil çıxışın səbəbi nədi?

- Ruhdan düşmürük. Hər şeyin bizim üçün yaxşı olacağını düşünürəm. Həm kubokda, həm də çempionatda mübarizəmizi davam etdiririk. Məqsədimiz kuboku qazanmaq, çempionatda isə 2-3-cü yeri tutmaqdı.

 

- Bu gedişlə “Qəbələ”nin Avropa Liqasından kənarda qalacağından qorxmursuz?

- Əsas məqsədimiz Avroliqaya vəsiqə əldə etməkdi. Necə olur-olsun, bunu etməliyik. Kuboku qazanaraq və ya çempionatda yuxarı yerlərdən birini tutaraq avrokuboka getməyin bizim üçün fərqi yoxdu. Əsas odu ki, vəsiqə qazanaq. Komanda ötən mövsüm Avropa Liqasının qrup mərhələsində oynayıb. Bu, üzərimizə əlavə məsuliyyət qoyur. Çünki azarkeşlər yenə “Qəbələ”dən həmin nəticəni tələb edəcəklər.

 

- Sizin yoxluğunuzda “Qəbələ” Topaz Premyer Liqasının XXXI turunda sabiq komandanız “Xəzər Lənkəran”la qarşılaşacaq...

- “Xəzər Lənkəran”ın heyəti dəyişib. Amma yenə yaxşı oyun göstərir. Mən bu komandanın bir neçə görüşünə baxmışam. Xüsusilə, evdə inamlı təsir bağışlayırlar. Yalnız qol imkanlarından lazımınca istifadə edə bilmirlər. İstənilən halda, “Qəbələ” bu oyuna 3 xal üçün çıxacaq. “Xəzər Lənkəran” da daxil olmaqla, iddiası azalmış bütün klublarımızın əvvəlki günlərini bərpa edəcəklərinə inanıram.

 

- “Qarabağ”ın aşkar dominantlığı Azərbaycan çempionatında rəqabətin aşağı düşməsini göstərmirmi?

- Razıyam, çempionatımızda rəqabət aşağı düşüb. Bu da maliyyə ilə bağlıdı. Dünyadakı böhran futbola da təsirini göstərdi. Maliyyə ilə bağlı problem yaşandığından, son vaxtlar Azərbaycana yaxşı legionerlər gəlmədi, bəzi klublar istədikləri kimi hazırlıq keçə bilmədilər. Bu da çempionatda öz sözünü dedi.

 

- Gələn ay yığmamızın Avstriyada təlim-məşq toplanışı olacaq. Zədəli olmağınız həmin toplanışdan kənarda qalmağınıza səbəb ola bilərmi?

- Belə olacağını düşünmürəm. 10 günə məşqlərə başlayacam. Odu ki, narahat olmağa dəyməz, hər şey qaydasına düşəcək. Avstriya toplanışında Kanada və Makedoniya kimi yığmalarla qarşılaşacağıq və bu, olduqca müsbət haldı. Mən həmişə istəmişəm ki, yoldaşlıq oyunlarında daha güclü komandalarla oyun keçirək. Çünki rəqib nə qədər güclü olursa, bizə bir o qədər çox xeyri dəyir.

 

Tengiz MƏMMƏDOV

0