25-ci - yubiley çempionatımızın açılış matçı. Hər şey gözəl. AFFA baş katibi, PFL prezidenti də oyunda. Az da olsa, AZAL və “Neftçi” azarkeşləri. Heyətinə və büdcəsinə görə mütləq autsayder kimi qəbul olunan Tərlan Əhmədovun komandası qanadsız təyyarəyə bənzəyir. "Neftçi" isə tam əksinə, ən yüksək yerlərə iddiaçılardandı.
Amma oyunun başlaması ilə bütün fikirlər alt-üst olur. Gücü birinci dəstədən transfer etməyə çatan AZAL elə ilk dəqiqələrdən ağıllı və "Neftçi"dən üstün oyun sərgiləyir. Bir neçə təhlükəli vəziyyət yaradan Tərlan Əhmədovun komandası elə aşağı liqadan aldığı futbolçulardan birinin – sabiq MOİK-li Röyal Nəcəfovun qolu ilə hesabı açır. Güclülər dəstəsində ilk oyununu keçirən forvard yubiley çempionatının ilk qolunun müəllifi kimi tarixə düşür. Amma bu an Rəhim Həsənovun rəhbərlik etdiyi hakimlər briqadasının timsalında "PFL ağır artilleriyası" işə qarışır.
Karyerasının ən vacib oyununda, həm də belə bir tarixi matçda fərqlənən Röyalın və bütünlükdə AZAL-ın haqqı yeyilir. Tribunadakı azarkeşlərdən tutmuş topdaşıyan uşaqlara qədər hər kəs topun qapı xəttini keçdiyini görsə də, “CBC Sport”un şərhçiləri Elnur Məmmədli və Emin Abbasov "hesab açıldı, tər-təmiz qol" desə də, Nuqzar Kvirtiya "Nefrçi"nin qapıçısının müqavimətinə baxmayaraq, təkrar zərbəylə yenidən topu qapıya göndərsə də, Rəhim Həsənov yalnız özünə (və çox güman, havadarlarına) bəlli olan səbəbdən qolu qeydə almır. Bundan sonra azlıqda qalan "Neftçi"nın halına dərhal "acıyan" hakim AZAL-ın da futbolçusunu meydandan qovur.
Doğrudu, bu, ilk növbədə Ruslan Nəsirlinin qeyri-peşəkarlığı sayəsində olur, amma hakim sarı vərəqəylə kifayətlənə bilərdi. Belə epizodlar oyunda həmişə olur və demək olar ki, heç vaxt birbaşa qırmızı vərəqə göstərilmir. İstənilən halda, hakimlərin məramı bəlli idi. Onlar bu tapşırığı Hakimlər Komitəsinin sədri Xaqani müəllimdən və ya kimdən almışdılar - bilmirəm. Amma Rəhim başda AZAL-ın qol vurduğu qapının yanında və arxasında dayanan, əsas vəzifəsi elə topun xətti keçib-keçmədiyinə nəzarət etmək olan hakimlər missiyalarının öhdəsindən layiqincə gəldi. Yekunda AZAL məğlub oldu.
Mənim üçün isə bir qaranlıq sual qaldı: məqsəd artıq ikinci mövsümdü Tərlan Əhmədovun yoxdan KOMANDAya çevirdiyi AZAL-ı "sındırmaq" idi, yoxsa "Neftçi"nin reabilitasiyasına başlamaq? İstənilən halda, yubiley çempionatının ilk turu böyük biabırçılığa səhnə oldu və hakimlər qələbəni AZAL-ın əlindən alıb "Neftçi"yə “bağışladı”. Bu hakimlər çempionatda işləməyə davam etsə, Xaqani Məmmədov həmişə “gündəm”də olacaq. Eyni zamanda PFL-in AZAL, jurnalistlər və azarkeşləri zərrə qədər də vecinə almadığı təsdiqlənəcək.
Anar ŞABANOĞLU