“Qəbələ”nin sabiq hücumçusu Aleksey Antonov hələ də özünə komanda tapa bilməyib. Apasport.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, yay fasiləsində “qırmızı-qaralar”la yollarını ayıran futbolçu hazırda məşq etməklə kifayətlənir.
Antonov formasını qorumaq üçün “Dnepr” klubunun heyətində məşq edir. 30 yaşlı futbolçu bir neçə variantın olduğunu söyləyib: “Mənə formamı bərpa etməyə şərait yaratdığı üçün “Dnepr” rəhbərliyinə minnətdarlığımı bildirirəm. Kollektivlə birlikdə hazırlaşmaq fərdi məşqlərdən effektlidi. Ümid edirəm ki, tezliklə özümə komanda taparam. Azad agent olduğum üçün istənilən vaxt hansısa kluba keçə bilərəm. Hazırda bir neçə klubla danışıq aparıram. Karyeramı harda davam etdirəcəyim hələ bəlli deyil”.
Qeyd edək ki, Aleksey Antonov ötən mövsüm “Qəbələ”nin heyətində Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb.