[b]Sadiqov Sadıqovu arxada qoydu, Avropada 3-cü oldu[/b]
30.06.2017 - 12:30
[b]Sadiqov Sadıqovu arxada qoydu, Avropada 3-cü oldu[/b]

Avropa Liqasının təsnifat mərhələlərinin rekordçuları açıqlanıb. Apasport.az saytının məlumatına görə, əvvəl UEFA kuboku, 2009-cu ildən Avropa Liqası adlanan turnirin əsas raundunadək olan oyunlarda ən çox forma geyinənlər və qol vuranlar bəlli olub.

 

Qitənin ikinci dərəcəli klub turnirinin təsnifat mərhələlərində ən çox matçda iştirak edən 5 futbolçudan ikisi Azərbaycan təmsilçisidi. “Zirə”nin heyətində debüt edən Rəşad Sadiqov üçün I təsnifat mərhələsinin “Differdanj”la görüşü 38-ci belə oyundu. “Neftçi”, “Qarabağ” və “Qəbələ” ilə də bu turnirin təsnifat mərhələlərində oynamış yarımmüdafiəçi 38-ə çatmaqla 3-cü pillənin vahid sahibi olub.

 

Maraqlıdı ki, Sadiqov sabiq komanda yoldaşı və adaşı Sadıqovu arxada qoyub. “Neftçi” və “Qarabağ”da oynamış Rəşad Sadıqov 37 oyunla 4-cü yerdə qərarlaşıb.

 

Siyahıya isə Stefan İşizaki başçılıq edir. AİK, “Elfsborq” və “Valarenga”da oynamış futbolçu hesabında 42 görüş var. “Elfsborq” və “Brondbü”də çıxış etmiş Yohan Larsson 40 matça çıxıb. İlk “beşliy”i Anders Svensson qapayır. Yalnız “Elfsborq”da oynayan skandinaviyalı 36 matça çıxıb.

 

Avropa Liqasının təsnifat mərhələlərində ən çox qol vuran isə Omar Er Rafikdi. Lüksemburq “Differdanj” klubunda 15 qol vuran futbolçu bombardirlər cədvəlinə başçılıq edir.