DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan San-Marino yığması yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, sentyabrın 4-də millimizi qəbul edəcək cırtdan ölkə təmsilçisi 1 aydan artıq davam edən təlim-məşq toplanışı çərçivəsində son sınaq görüşündə qələbəyə həsrət qalıb.
İyulun 13-də bir araya gəlib, Azərbaycanla qarşılaşmanın hazırlığının ilk mərhələsini gerçəkləşdirən Pyerancelo Manzarolinin yetirmələri İtaliyanın aşağı liqa klubu “Santarkancelo” ilə görüşüb. Matç 1:1 hesabı ilə nəticələnib. 11-ci dəqiqədə qol buraxan rəqibimizi Mattia Stefanelli məğlubiyyətdən xilas edib. O, buraxılan qoldan 1 dəqiqə sonra penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək San-Marino – Azərbaycan matçı San-Marinonun eyniadlı stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.