[b]Səhv kimdədi: PFL, yoxsa “apasport”da?[/b]
24.02.2016 - 14:55
[b]Səhv kimdədi: PFL, yoxsa “apasport”da?[/b]

Topaz Premyer Liqasının XVIII turunun “Qarabağ” – “Qəbələ” oyununun protokolunda texniki səhv üzə çıxıb. Apasport.az saytının məlumatına görə, dekabrın 19-da baş tutan qarşılaşmadakı yeganə sarı vərəqənin müəllifi düzgün göstərilməyib.

 

Belə ki, matçın 71-ci dəqiqəsində baş hakim Əliyar Ağayev 20 nömrəli futbolçunu “sarı”ya qonaq edib və protokolda ilkin olaraq, “Qarabağ”ın oyunçusu Riçard Almeydanın cəzalanması kimi göstərilib.

 

Elə bu üzdən də braziliyalı Topaz Premyer Liqasının XXIII turunu cəza üzündən buraxmalı idi. Çünki V turun “Kəpəz”, XIX turun AZAL-la görüşlərində də xəbərdarlıq alan yarımmüdafiəçi “Neftçi” ilə XXII turun matçında sarı vərəqə sayını 4-ə çatdırıb.

 

Amma bu gün üzə çıxıb ki, Almeyda cəzalı deyilmiş. Onun xəbərdarlıq aldığı oyunların protokolları, cari mövsüm heç bir vərəqənin sonradan ləğv olunmamağı məsələni araşdırmağın vacibliyini ortaya qoyub.

 

Apasport.az saytının apardığı araşdırmalardan sonra məlum ki, XVIII turda cəzalanan Almeyda olmayıb. Həmin xəbərdarlıq “Qəbələ”nin 20 nömrəli futbolçusuna edilibmiş. Bu isə o deməkdi ki, cəzalanan Rikardinyo imiş.

 

Peşəkar Futbol Liqası tərəfindən həmin görüşlə bağlı texniki səhv 2 ay sonra aradan qaldırıldı ki, bu da Riçardın “İnter”lə qarşılaşmada oynamasına imkan verib.

 

Nəticədə iki gün əvvəl apasport.az saytında növbəti turun cəzalıları ilə bağlı dərc olunan yazıda yanlışlıq yaranıb. Belə ki, orada iki oyunçunun Almeydanın və AZAL-ın futbolçusu Tural Hümbətovun qarşıdakı turu buraxacağı əksini tapıb. Lakin yalnız sonuncu cəzalı durumdadı. Vərəqələrindən biri düzgün qeyd olunmayan Almeyda isə “İnter”ə qarşı oynaya biləcək.