Azərbaycan yığmasının Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Qazaxıstanla keçirdiyi yoldaşlıq görüşünü izləmək üçün bir qrup jurnalistlə həmin şəhərə biz də yollanmışdıq. Orda olduğumuz 3 gün ərzində bəzi sürprizlərlə qarşılaşdıq.
Terrorun təsiri
Səfər zamanı baş verənlərə keçməzdən əvvəl şəhərlə bağlı təəssüratlarımızı bildirmək istərdik. Antalya Türkiyənin turizm mərkəzlərindən biri olsa da, əslində, o qədər də çox gəzməli yeri yoxdu. Şəhərin böyük hissəsini otellər tutub. Yalnız mərkəz tərəfdə kiçik parkı və ticarət mərkəzləri var. Son vaxtlar Türkiyədə baş verən terror hadisələrinin insanlara mənfi təsirini hiss etməmək də mümkün deyil. Yerli əhalinin üz cizgilərindən məyusluq və həvəssislik aşkar sezilirdi. Buna baxmayaraq, bizə qarşı qonaqpərvər davrandılar. Özümüzü elə doğma vətənimizdəki kimi hiss etdik.
Antalyaya iranlı axını
Antalyada olduğumuz müddətdə bizi ən çox təəccübləndirən şəhərə iranlıların axını idi. Bayramı qeyd etmək üçün özlərinə bu şəhəri məskən seçən iranlılar heç də deyildiyi kimi ağırtəbiətli deyildilər. Qapalı rejimdən gəldikləri üçün sanki bunun heyfini çıxırdılar. Əvvəlcə bir qrup iranlının istirahət üçün biz qalan oteli seçdiyini düşünürdük. Lakin şəhərin mərkəzini və alış-veriş yerlərini gəzəndə hər 2-3 adamdan birinin iranlı olduğunu gördük.
Sadə Arda...
Qazaxıstanla matçdan bir gün əvvəlki məşq zamanı millimizin qaldığı oteldə sürpriz qonaqlar var idi. Belə ki, bir gün öncə Antalyada İsveçlə yoldaşlıq görüşü keçirən Türkiyə millisinin əsas heyət üzvləri fitnes salonunda məşq etmək üçün “Gloria” otelinə gəlmişdilər. Müsahibə almaq, şəkil çəkmək istəyimizə federasiya nümayəndələri və otelin təhlükəsizlik işçiləri imkan vermirdilər. Onlar bunu futbolçuların orda olmalarının bilinməsini istəməməkləri ilə əlaqələndirdilər. Ancaq avtobusa hamıdan axırda gedən Arda Turan heç nəyə məhəl qoymadı. Kapitan oteldə qalanların şəkil çəkdirmək istədiyini sanki hiss etdi. Özü yaxınlaşıb həm onlarla, həm də bizimlə bir-bir şəkil çəkdirdi.
...Və özündənrazı Araz
Ancaq yığmamızın həmin günkü məşqindən sonra Araz Abdullayev özünü elə apardı ki, elə bil “Neftçi”də oynayan Arda, “Barselona”da oynayan budu. Müsahibə üçün öncə söz verən futbolçu bir göz qırpımında meydançanın digər tərəfindən qaçdı. Həmkarlarımın çağırışına isə cavab olaraq, “danışmaq istəmirəm, başqa səbəb var. Oyundan sonra danışarıq” dedi. Təbii ki, matçdan sonra heç kim ona yaxınlaşmadı. Çünki özünə hörmət edən kəs Arazın hörmətsizliyinə göz yuma bilməzdi.
Arda ilə Araz arasında çox fərq yoxdu. Hər ikisi yarımmüdafiəçidi. Adları 4 hərflidi və hər ikisi “Ar”la başlayır. Amma Turanda olan arla, Abdullayevdə olan ar arasında böyük fərq olduğunun canlı şahidi olduq.
Yüksək təhlükəsizlik tədbirləri
Qazaxıstanla oyuna gedərkən “Gloria” otelinin əməkdaşlarının bizi qapıdan içəri buraxmamaları növbəti sürpriz oldu. Terror hadisələri insanların gözünü necə qorxudubsa, təhlükəsizlik məsələləri ilə birbaşa otel sahibləri məşğul olurdular. Yalnız AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun səyi nəticəsində sənədlərimizi alaraq bizi buraxdılar. Həmkarlarımızdan birinin sənədi üstündə olmadığından, Nərimanoğlu onun girişinə razılıq almaq üçün otel böyüklərinə qədər gedib çıxdı. Ümumiyyətlə, Mikayıl müəllimin Türkiyədə olduğumuz müddətdə rahat çalışmağımız üçün əlindən gələni etdiyini və hər xırda problemimizlə maraqlandığını qeyd etməyi özümə borc bilirəm.
Bir qrup azərbaycanlı və qazaxıstanlı tələbələr də oyunu izləməyə gəlmişdilər və onlar da ciddi şəkildə yoxlanılaraq içəri buraxıldılar.
İki fərqli gün
O ki qaldı oyuna, açığı, komandamızdan bu cür zəif çıxış gözləmirdik. Çünki bir gün əvvəlki məşqdə əhval-ruhiyyə həddən artıq yüksək idi. Bunda baş məşqçi Robert Prosineçki və kapitan Rəşad Sadıqov böyük rol oynadılar. Xüsusən də, Rəşadın məşq zamanı hamını yüksək templə çalışmağa çağırması diqqətdən yayınmadı. Lakin ertəsi gün futbolçular sanki məcburiyyətdən meydana çıxmışdılar. Heç kimdə oynamaq həvəsi yox idi, komanda 90 dəqiqəni “yola verməklə” məşğul idi. Bunun da nəticəsində daha istəkli olan Qazaxıstan yığması 1 qollu qələbə qazandı.
Gələcəyin kapitanı
Komandamız məğlub olsa da, ən çox müzakirə mövzusu kapitanlıq sarğısının ikinci hissədə Bədavi Hüseynovun qoluna taxılması idi. Həmin gün sosial şəbəkələrdən bunun böyük ajiotaj yaratdığını gördük. Həqiqətən də, Kamran Ağayev olan yerdə kapitanlıq sarğısının milliləşdirilmiş birinə verilməsini doğru addım saymıram. Bəziləri kimi, mən də Rəşad Sadıqovun həm yığmada, həm də klubu “Qarabağ”da yerinə məhz Bədavini hazırladığını düşünürəm. Sadıqov milli karyerasını bitirdikdən sonra komandanın əsas kapitanı Bədavi olsa, təəccüblənmərəm.
Səmada dövrə
Türkiyə səfərimiz saatların çəkilməsi və Antalya-İstanbul reysində yaranmış tıxac üzündən gecikdi. Təyyarə Antalyadan təyin edilmiş vaxtdan gec hərəkət etdi. Üstəlik, İstanbul hava limanındakı sıxlıq ucbatından Bursa üzərində yarım saatdan çox dövrə vurdu. Bu gecikmə İstanbul-Bakı reysinə də təsir etdi.
Ruslan SADIQOV