Topaz Premyer Liqasının XXVII turunda “Neftçi” ilə qarşılaşacaq “İnter” matçın hazırlığına start verib. Apasport.az saytının məlumatına görə, istirahətdən dünən qayıdan “bankirlər” 1 məşqlə kifayətləniblər.
Bu gün isə komandanın 2 məşqi nəzərdə tutulub. Səhər saatlarında bir araya gələn kollektiv axşam saatlarında yenidən baş məşqçi Zaur Svanadzenin ixtiyarında olacaq.
Zədəsi ilə əlaqədar, bir neçə gün öncə Serbiyaya yollanan Nizami Hacıyev artıq Bakıya qayıdıb. 4 günlük müayinədən sonra vətənə dönən təcrübəli futbolçu ilə bağlı yekun diaqnozu klubun həkimləri qoyacaqlar. İlkin ehtimala görə, Nizami “Neftçi” ilə görüşdə komandasına kömək edə bilər. Futbolçunun Serbiyaya göndərilməsində məqsəd onu məhz “ağ-qaralar”la matça kimi hazır vəziyyətə gətirmək idi.
Digər zədəli oyunçu Laşa Salukvadzenin də durumu yaxşılaşıb. Kollektivlə birgə məşqlərdə iştirak edən gürcüstanlı müdafiəçinin “Neftçi” ilə oyuna kimi tam bərpa olacağı gözlənilir.
Hacıyev və Salukvadzedən fərqli, gənc futbolçu Qara Qarayevin bu görüşü buraxacağı dəqiqdi. “Rəvan”la çempionat oyununda zədələnərək, sıradan çıxan Qara hələ məşqlərə başlamayıb.
Qeyd edək ki, geridəqalan 26 turdan sonra aktivində 44 xal olan “İnter” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.