“İnter”in futbolçusu Denis Silva Azərbaycan klublarının heyətində 3-cü avrokubok qoluna imza atıb. Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi 3-cü qolunu Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost”la ev oyununda vurub.
Serbiya klubu ilə hazırda davam edən görüşdə hesabı açan cənubi amerikalı bunadək 2 dəfə fərqlənmişdi. O, qollarını “Neftçi”də oynadığı vaxt vurmuşdu.
Maraqlıdı ki, 2014-cü il avqustun 21-də dubl müəllifi olan Denis digər Serbiya klubuna qənim olmuşdu. Amma 1050 gün öncə “Partizan”la səfər görüşündəki 2 top onun komandasına yetərli olmamışdı – 2:3.
3 ildən sonra yenə serbiyalılara qol vuran müdafiəçi avrokuboklarda 3 və daha çox fərqlənən 32-ci oyunçumuzdu.