[b]Sevgililər günündə “zorlandı”, 8 martı gözləyir[/b]
15.02.2017 - 11:14
[b]Sevgililər günündə “zorlandı”, 8 martı gözləyir[/b]

“Barselona”nın Çempionlar Liqasındakı uğurlu seriyası təhlükə altına düşüb. Apasport.az saytının məlumatına görə, 1/8 finalın ilk görüşündə PSJ-yə 0:4 hesabı ilə uduzan kataloniyalılar son 10 ildə ilk dəfə qitənin ən nüfuzlu klub turnirində 1/4 finala həsrət qalmaq üzrədi.

 

Belə ki, barselonalılar son 9 ildə daim 1/8 final səddini uğurla adlayıb. Lionel Messi və komandası 2008/09, 2010/11 və 2014/15 mövsümündə kuboku başı üzərinə qaldırıb. 4 dəfə yarımfinal (2007/08, 2009/10, 2011/12, 2012/13), 2 dəfə (2013/14, 2015/16) 1/4 finaladək irəliləyib.

 

Messisiz sonuncu 1/4 final isə 2007-ci ildə qeydə alınıb. 2006/07 mövsümündə “Barselona” 1/8 final səddini adlaya bilməyib. Həmin vaxt onları “Liverpul” dayandırmışdı. Evdə 1:2 hesabı ilə uduzan kataloniyalılar rəqib meydanında 1:0-a sevinsə də, 8 ən yaxşı arasına düşə bilməmişdi.

 

9 uğurlu mövsümdən və ya 10 ildən sonra yenə eyni aqibəti yaşamağa yaxın olan İspaniya nəhəngi hələ nəzəri şanslarını qoruyur. Çünki qarşıda “Nou Kamp”dakı cavab oyunu var.

 

Həmin matçın tarixinə gəlincə isə... UEFA-nın təqvimində 1/8 finalın ilk günündə üz-üzə gələn rəqiblərin həm ilk, həm cavab matçı əlamətdar gündə baş tutur. “Benfika”nın Dortmund “Borussiya”sı, PSJ-nin isə “Barselona” ilə ilk dueli fevralın 14-nə - Müqəddəs Valentin gününə, yəni Sevgililər gününə təsadüf edib. Cavab oyunu isə martın 8-də - Beynəlxalq Qadınlar Günündə keçiriləcək.

 

Sevgililər günündə darmadağınla rüsvay olan “Barselona” tənqid, hətta təhqirlərə məruz qalıb. Bəzi sosial şəbəkələrdə kataloniyalılar “Barselona”nın zorlanma tarixi Müqəddəs Valentin gününə düşdü” tipli təhqirlərlə də üzləşib. İndi bu proses Qadınlar günündə davam etdirilməlidi. “Nou Kamp”dakı hədiyyə isə 1/4 finala vəsiqə olacaq.