“Keşlə”nin paraqvaylı yarımmüdafiəçisi Sezar Meza Kollinin apasport.az saytına müsahibəsi
- Ölkə kubokunun yarımfinal mərhələsində cütlüyün favoriti “Sumqayıt” sayılırdı. Hətta ilk matçdan sonra da çoxları finala yüksələcəyinizə inanmırdı. Bu məqam sizdə qıcıq yaratmırdı?
- Açığı, “Sumqayıt”ın favorit olması ilə bağlı fikirləri eşitməmişdim. Kubok 2 oyundan ibarət olduğundan, burda kimisə favorit göstərmək çətin məsələdi. Fikrimcə, hər iki matçda daha yaxşı çıxış edən tərəf biz idik. Oyunumuzla finala layiq olduğumuzu göstərdik.
- Hər iki görüşə nəzər yetirdikdə, sizcə, “Keşlə”nin finala çıxmasında ən böyük təsir qüvvəsi nə oldu?
- Yəqin ki, çalışqanlığımız. Eyni formada mübarizəni bundan sonra da davam etdirməliyik. Önümüzdə çempionatda 5 və kubokda 1 oyun var. Məqsədimiz qalan bütün matçlarda qələbə qazanmaqdı.
- Həm evdə, həm də səfərdə qolu siz vurdunuz. Özünüzü qəhrəman sayırsınızmı?
- Məncə, qəhrəman bütün futbolçular, məşqçilər korpusu və klubda çalışan hər bir şəxsdi. Bu uğuru bir nəfərin ayağına yazmaq düzgün olmaz. Biz bir kollektivik və bu nəticə ümumi işin bəhrəsidi.
- Qardaşınız Derlis Meza Kollinin komandası “Neftçi” yarımfinalda “Qəbələ”yə məğlub oldu. Derlisin finaldan kənarda qalmasına üzülmədiniz?
- Əslində, finalda onunla qarşılaşmaq istərdim. Ancaq indi bu barədə düşünmürəm. Həlledici qarşılaşma “Qəbələ”yə qarşı olacaq. Rəqibin heyətində güclü oyunçular var. Amma biz də yaxşı komandayıq və kuboku qazanmaq üçün “vuruşacağıq”.
- Final oyunu Qəbələdə keçiriləcək. Bu amil sizin kuboku qazanmaq şansınızı azaltmır?
- Açığı, finalın Qəbələyə salınmasına təəccübləndim. Ancaq nə etmək olar? Bizim işimiz meydana çıxaraq, qələbə üçün mübarizə aparmaqdı.
- Topaz Premyer Liqasının XXIV turu çərçivəsində sabah “Zirə”ni qəbul edəcəksiniz. Rəqibin son vaxtlar uğursuzluq zolığına düşməsi sizin üçün üstünlükdümü?
- Mən bunu üstünlük hesab etmirəm. Futbolda hər şey meydanda həll olur. Əvvəlki oyunlarda baş verənlər artıq keçmişdə qalıb. “Zirə” də iddialı komandalardan biridi. Çətin oyun olacağı dəqiqdi.
- Ümumiyyətlə, Premyer Liqada bir hədəfiniz qalıbmı?
- Məqsədimiz yalnız qalan qarşılaşmaların hamısında qələbə qazanmaqdı.
- “Keşlə”nin qış fasiləsindən sonrakı uğurlu çıxışının sirri nədi?
- İlk növbədə futbolçuların peşəkarlığını vurğulamalıyam. Fiziki cəhətdən də özümüzü oyunlara yaxşı hazırlayırıq. Təbii ki, bu yüksəlişə görə məşqçilər korpusunun əməyini danmaq olmaz.
- Baş məşqçiniz Yuri Maksimov mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. Bu qərar sizin üçün gözlənilməz olmadı?
- Baş məşqçinin qərarına şərh verə bilmərəm. Biz başımızı aşağı salıb, qarşıdakı oyunlara hazırlaşırıq. Baş məşqçinin də verəcəyi istənilən qərara hörmətlə yanaşacağıq.
- Gəzən söz-söhbətlərə görə, klub prezidenti Zaur Axundov oyunçuları tez-tez tənqid, hətta təhqir edir. Həqiqətən də, belədi?
- Bu deyilənlər doğru deyil. Zaur Axundov sevdiyim xarakterə sahib insandı.
- Klubda maddi vəziyyət nə yerdədi? Vaxtlı-vaxtında maaşlarınızı ala bilirsinizmi?
- Şəxsən mənim bu sarıdan heç bir problemim yoxdu. Məncə, komanda yoldaşlarımda da vəziyyət belədi.
- Müqavilə müddətiniz mövsümün sonunda başa çatır. Gələcəklə bağlı qərar vermisinizmi?
- İndi bütün diqqətimi kubokun finalına və çempionatdakı son matçlara yönəltmişəm. Mövsümü ən yaxşı şəkildə tamamlamaq niyyətindəyəm. Burda olmaqdan məmnunam və özümü xoşbəxt hiss edirəm.
- Ölkə kubokunu qazanıb, Avropa Liqasına vəsiqə əldə etməyinizin qərarınıza təsiri olacaqmı?
- Hər bir futbolçu karyerası və ailəsi üçün daim ən yaxşısını axtarır. İndidən nəsə deyə bilmərəm. Mövsümün sonunda hər şeyə aydınlıq gələcək.
- Hazırda yaxşı formadasınız. Azərbaycandan və ya başqa ölkələrdən təkliflər varmı?
- Xeyr, hələlik heç bir təklif yoxdu.
Ruslan SADIQOV