[b]Şovkovskidən Medvedevə qədər...[/b]
13.12.2016 - 12:53
[b]Şovkovskidən Medvedevə qədər...[/b]

Kiyev “Dinamo”sunun qapıçısı Aleksandr Şovkovski 41 yaşında karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, ukraynalı qolkiper futbol həyatının tamamını həsr etdiyi “Dinamo”da 23 il forma geyinib.

 

Şovkovski bu baxımdan tarixə düşsə də, ömrünü bir kluba bağlayan ilk oyunçu deyil. Ona qədər bir neçə tanınmış sima da futbolçu dövrünü bir komandada keçirib. Məsələn, Rayan Giqqz “Mançester Yunayted”də, Paolo Maldini isə “Milan”da 24 ili geridə qoyub. Şovkovski isə bir klubda ən uzun müddət qalmış 4-cü oyunçu olmağı bacarıb. Çünki siyahıya Sander Bosker başçılıq edir. İki il əvvəl karyerasını bitirən hollandiyalı qapıçı düz 25 il “Tvente”nin uğurları üçün çalışıb.

 

“Dinamo”nun heyətində 585 görüşdə çərçivəni qoruyan Şovkovski bu baxımdan isə 8-ci pillədə özünə yer edib. Siyahıya əfsanəvi uelsli Rayan Giqqz başçılıq edir. Giqqz “Mançester Yunayted”in forması altında 963 qarşılaşmada meydana çıxıb.

 

Karyerasını davam etdirən futbolçular arasında Françesko Tottinin adını xüsusi vurğulamaq lazımdı. “Roma”da 24-cü ilini keçirən “qladiator” “canavarlar”ın heyətində oyun sayını 800-ə çatdırmaq niyyətindədi. Bundan başqa, Andres İnyesta və Lionel Messi artıq 10 ildən çoxdu ki, “Barselona”da çıxış edirlər.

 

Azərbaycanda karyerasını davam etdirənlər arasında bir kluba sadiq oyunçu kimi Maksim Medvedevi qeyd etmək olar. 2007-ci ildə peşəkar futbola qədəm qoyan müdafiəçi həmin vaxtdan bəri “Qarabağ”ın formasını geyinir. Milli komandamızın üzvü geridə qalan 9 il ərzində klubunda 318 oyun keçirib.

 

Karyerası ərzində klubuna sadiq qalan futbolçuların siyahısı aşağıdakı kimidi…

 

Karyerasını bitirənlər:

Rayan Giqqz (“Mançester Yunayted”: 1990-2014) – 963 oyun

Paolo Maldini (“Milan”: 1985-2009) – 902 oyun

Ceymi Karrager (“Liverpul”: 1996-2013) – 737 oyun

Sander Boskxer (“Tvente”: 1989-2014) – 696 oyun

Bülənt Qorxmaz (“Qalatasaray”: 1986-2005) – 610 oyun

Xuan Karlos Plata (“Munisipal”: 1990-2010) - 598

Karles Puyol (“Barselona”: 1999-2014) – 593 oyun

Aleksandr Şovkovski (“Dinamo”, Kiyev: 1993-2016) – 585 oyun

Vyaçeslav Malafeyev (“Zenit”: 1999-2016) – 436 oyun

Mark Planus (“Bordo”: 2002-2015) – 365

Brigel (“Maritimo”: 2000-2016) – 316

 

Karyerasını davam etdirənlər:

Françesko Totti (“Roma”: 1992-...) – 769 oyun

Andres İnyesta (“Barselona”: 2002-...) – 605 oyun

Olivye Deşaxt (“Anderlext”: 2001-...) – 555 oyun

Lionel Messi (“Barselona”: 2004-...) – 550 oyun

Sabri Sarıoğlu (“Qalatasaray”: 2003-...) – 456 oyun