[b]Stefan Yohannesson: Azərbaycan təmsilçiləri ilə 3-cü dəfə...[/b]
21.11.2016 - 14:22
[b]Stefan Yohannesson: Azərbaycan təmsilçiləri ilə 3-cü dəfə...[/b]

Avropa Liqasının V turu çərçivəsində keçiriləcək “Slovan” – “Qarabağ” matçını tanınmış isveçli hakim Stefan Yohannesson idarə edəcək. Apasport.az saytının məlumatına görə, 44 yaşlı referi karyerasında 3-cü dəfə Azərbaycan komandasının matçında ədalət təmsilçisi olacaq.

 

Yohannesson Azərbaycan təmsilçiləri ilə ilk sınağını 2009-cu ildə verib. Həmin vaxt “Bakı” klubunun Çempionlar Liqasının III təsnifat mərhələsində “Levski” ilə səfər qarşılaşması məhz isveçliyə həvalə edilmişdi. Bolqarların 2:0 hesablı qələbəsi ilə nəticələnən görüşdə 6 dəfə sarı vərəqəyə müraciət edən isveçli bunun 2-ni “Bakı”nın oyunçularına (Feliks Almeyda, Ernad Skuliç) göstərib.

 

Yohannesson DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrail – Azərbaycan oyununun da baş hakimi olub. 2013-cü ildə keçirilən görüş 1:1 hesabı ilə nəticələnib. Həmin matçda referi 4 dəfə əlini cibinə atıb ki, bunun 3-də yığmamızın üzvlərini (Rasim Ramaldanov, Ruslan Abışov, Elnur Allahverdiyev) sarı vərəqə ilə cəzalandırıb.

 

Stokholmda anadan olan 44 yaşlı Yohannesson 2003-cü ildən beynəlxalq dərəcəli hakimdi. Nəqliyyat sahəsində çalışan referi I kateqoriyaya daxildi. Vaxtilə UEFA-nın elit kateqoriyasına daxil olan isveçli üçün Avropa Liqasının qrup mərhələsinə təyinat almaq adi haldı. Çempionlar Liqasının qrupunda da idarəçilik etmiş Yohannesson beynəlxalq arenada indiyə qədər 80 görüşdə idarəçilik edib. Cəmi 13 dəfə penalti nöqtəsini göstərmiş referi 351 sarı, 21 qırmızı vərəqə ilə yadda qalıb.

 

Yohannesson cari mövsümdə Avropa Liqasında 3 oyun idarə edib. Belə ki, pley-off mərhələsində “Trenkin” – “Rapid” (Vyana) (0:4), qrup mərhələsində isə “Hapoel” (Beer-Şeva) – “Sauthempton” (0:0) və “Genk” – “Atletik” (2:0) matçlarında fit çalıb. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İngiltərə - Malta (2:0) qarşılaşmasının da baş hakimi Yohannesson olub.

 

Qeyd edək ki, “Slovan” – “Qarabağ” görüşü noyabrın 24-də Liberets şəhərində keçiriləcək.