"Məşq yükləmələri nəticəsində yaranmış yorğunluq fonunda oynadıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Zaur Svanadze deyib.
Boluda təlim-məşq toplanışında “İnter” Azərbaycan Premyer Liqasının digər təmsilçisi “Zirə” ilə yoxlama oyunu keçirib. Matç Svanadzenin yetirmələrinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Görüşü şərh edən Svanadze bunları deyib: “Bəzi futbolçular yorğun görünürdülər. Birinci dəqiqədə qolu rəqibə hədiyyə etdik. Sonra irəliyə can atdıq, qol vəziyyətləri yaratdıq, lakin hesabı bərabərləşdirə bilmədik. İkinci hissədə digər futbolçulara da şans verdik. Toplanış çərçivəsində daha bir oyun keçirəcəyik. Hazırlığımızı davam etdirib, çatışmayan cəhətlərin üzərində işləyəcəyik".
“Zirə”nin çalışdırıcısı Ayxan Abbasov isə “İnter”lə oyun haqda bu fikirləri səsləndirib: “İlk yoxlama matçımız idi. İki heyətlə oynadıq. Bizim üçün futbolçuların meydandakı hərəkətliliyi vacib idi. Ötən həftə ağır məşqlərimiz oldu, bu həftə isə əsasən taktiki-texniki hazırlıq üzərində işləmişdik. Müəyyən tapşırıqlarımız var idi ki, futbolçuların onu necə yerinə yetirməsini görmək istəyirdik. Oyunçular da verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Ümumilikdə, hər iki hissədən razı qaldım. Bununla belə, görüləcək işlər çoxdu. Çünki bizə yeni qoşulan futbolçular da var. Onların uyğunlaşması üçün zamana ehtiyac var. Qarşıdakı yoxlama matçlarında çatışmazlıqları aradan qaldıraraq, Avropa Liqasına tam hazır olmağa çalışacağıq".