Martın 21-dən Antalyada təlim-məşq toplanışında olan futbol üzrə yığma komandamız sabah yoldaşlıq görüşünə çıxacaq. Apasport.az saytının məlumatına görə, millimiz Qazaxıstanla üz-üzə gələcək.
Bu, DÇ-2018-in seçmə mərhələsinə hazırlaşan komandamızın 2016-cı ildə ilk sınağı olacaq. Türkiyəyə 25 futbolçu ilə yollanan yığmamız tarixində 9-cu dəfə qarşılaşacağı rəqibi məğlub etmək niyyətindədi.
Ötən ilin noyabr ayına təsadüf edən son yoldaşlıq görüşündə Moldovanı üstələyən (2:1) Robert Prosineçkinin yetirmələri qazaxlarla görüşdə də qələbə üçün meydana çıxacaq. Xorvatiyalı çalışdırıcının bu matçda heyətdəki əksər futbolçulara şans verəcəyi məlumdu.
Qazaxıstanla keçirdiyimiz əvvəlki 8 qarşılaşmada komandalar hərəyə 2 dəfə qalib gəlməyi bacarıblar. Digər 4 matçda isə bərabərlik qeydə alınıb. Azərbaycan və Qazaxıstan yığmaları bu görüşlərdə eyni sayda – 12 qol vurub.
Əvvəlki 8 matçdan ikisi AVRO-2008-in, ikisi AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində baş tutub. Şahin Diniyevin rəhbərliyi altında çıxış etdiyi ilk tsikldə yığmamız hər iki görüşdən 1:1 hesabı ilə ayrılıb. Berti Foqtsla 5 il əvvəl baş tutan duellərdə isə hər komanda öz meydanında 1 top fərqi ilə qalib gəlib. Belə ki, Qazaxıstanda 1:2 hesabı ilə uduzan yığmamız Bakıda rəqibini 3:2 hesabı ilə üstələyib.
Digər 4 qarşılaşmadan ikisi müxtəlif turnirlər çərçivəsində olub. 1993-cü ilə təsadüf edən ilk matç İranda təşkil olunan beynəlxalq turnirdə keçirilmişdi. Yarışa U-21 komandası ilə gələn Qazaxıstanla matç məhsuldar heç-heçə ilə nəticələnmişdi. 2007-ci ildə isə bu ölkədə keçirilən turnirdə meydan sahibləri minimal hesabla qalib gəlmişdilər.
Yoxlama xarakterli ilk görüş isə 12 il əvvəl keçirilib. Səfərdə baş tutan həmin qarşılaşmada millimiz 3:2 hesabı ilə qalib gəlib. 8 il əvvəl isə indiki kimi Antalyada iki ölkənin əsas yığmaları qarşılaşıb. Qyoko Hacıyevskinin yetirmələri həmin vaxt qolsuz heç-heçə ilə kifayətlənmişdilər.
Köhnə rəqiblərin budəfəki dueli də gərgin oyun vəd edir. Yığmamız kimi, Qazaxıstan millisi də meydana iddialı çıxacaq. Bunu rəqib futbolçuların açıqlamalarından da hiss etmək mümkündü. Qazaxlar millimizə qalib gəlməklə, martın 29-da Gürcüstanla keçirəcəkləri yoldaşlıq oyununa yaxşı əhval-ruhiyyədə çıxmaq arzusundadılar.
Yoldaşlıq görüşü
26 mart
19:00. Azərbaycan – Qazaxıstan
Antalya. “Gloria Sports Arena” stadionu