“Real” mövsümün sonunda hücumçusu Kriştianu Ronaldo ilə yollarını ayıra bilər. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, Madrid klubu artıq ona əvəzləyici də tapıb.
Uğursuz mövsüm keçirən “kral klubu”nun La Liqanın XXVI turunda “Atletiko”ya (0:1) məğlubiyyəti bardağı daşıran son damla olub. Matçdan sonra Ronaldo yerli mətbuata açıqlamasında komanda yoldaşlarını ağır şəkildə tənqid edib. “Komanda yoldaşlarım mənim kimi oynasaydılar, indi birinci yerdə yer alardıq” deyən portuqaliyalının bu fikirləri düşərgədə narazılıqla qarşılanıb. Hətta baş məşqçi Zinəddin Zidan da yay fasiləsində heyətdə köklü islahatlar aparılacağını söyləyib.
Komandadan ayrılmaq istəyən Ronaldonun gələn mövsümdən “Bavariya”da çıxış edəcəyi ilə bağlı iddialar ortaya atılıb. Karlo Ançelotti ilə birlikdə çalışmaqdan hər zaman qürur duyduğunu bildirən 31 yaşlı forvardı “Real” rəhbərliyi şəxsən özü “Bavariya”ya təklif etməyə hazırlaşır. Əvəzində isə Münhen klubunun polşalı hücumçusu Robert Levandovskinin qarşı tərəfə keçməsi tələb olunacaq. Almanlar bu təklifi qəbul etsələr, tarixi dəyişiklik baş tutacaq.
Qeyd edək ki, Robert Levandovski də “Bavariya”dan ayrılmaq və karyerasını İspaniyada davam etdirmək istədiyini açıqlayıb.