[b]Təbriz Həsənov: Kəsərli hücumlar qurmaq üçün sürətimiz çatmırdı[/b]
03.03.2016 - 18:35
[b]Təbriz Həsənov: Kəsərli hücumlar qurmaq üçün sürətimiz çatmırdı[/b]

“Birinci hissədəki oyunumuz son 4 qarşılaşmada nümayiş etdirdiyimiz ən zəif oyun idi. Fasilədə komanda ilə söhbət etdik və ikinci hissədə nisbətən daha yaxşı oynaya bildik”. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Təbriz Həsənov deyib.

 

U-17 millimiz bu gün ukraynalı həmyaşıdları ilə yoxlama görüşü keçirib və meydanı məğlubiyyətlə (0:1) tərk edib.

 

Matçla bağlı fikirlərini bölüşən Həsənov komandadakı çatışmazlıqları aradan qaldırmağa və Avropa çempionatında daha yaxşı çıxış etməyə çalışacaqlarını bildirib: “Hücumda istədiyimiz kimi çıxış etmədik. Xüsusilə, kəsərli hücumlar qurmaq üçün sürətimiz çatmırdı. Rusiya və Ukrayna yığmalarını müqayisə etsək, ikincilərin daha güclü olduğunu qeyd edə bilərəm. Keçirdiyimiz 4 oyun çatışmazlıqlarımızın nədən ibarət olduğunu daha qabarıq göstərdi. Problemləri aradan qaldırıb, Avropa çempionatında yaxşı çıxış etməyə çalışacağıq”.

 

Ukrayna yığmasının baş məşqçisi Aleksandr Petrakov da görüşlə bağlı fikirlərini bölüşüb. O, qələbəyə baxmayaraq, komandasının oyunundan narazı qaldığını qeyd edib: “Çox pis oynadıq. Qələbə qazanmağımıza baxmayaraq, oyunumuzdan narazı qaldım. Xüsusilə, fiziki cəhətdən hazırlıqsız olduğumuz hiss olunurdu. Düşünürəm ki, istər Azərbaycan yığmasının, istərsə də bizim Avropanın güclü komandaları ilə müqayisədə ciddi çatışmazlığımız qol vəziyyətlərindən yararlana bilməməyimizdi. Bir qol vurmaq üçün ən azı, 3-4 epizod yaratmalıyıq. Müasir futbolda bu, böyük çatışmazlıqdı. Ümid edirəm ki, Avropa çempionatına vəsiqə qazanaraq, may ayında yenidən Bakıya gələ biləcəyik”.