Sabah Çempionlar Liqasının III təsnifat mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan futbolu tarixində 6-cı dəfə çempionumuz bu raundda iştirak edəcək.
Bu mərhələ hələlik komandalarımız üçün tilsimlənmiş sayılır. Çünki əvvəlki 5 cəhdin hamısında Çempionlar Liqasının pley-offu əlçatmaz qalıb. Təmsilçilərimiz uduzduğundan daha zəif Avropa Liqasında pley-pff oynamalı olub.
Düzdü, belə “transfer”ə məruz qaldığımız 5 hadisədən dördündə pley-off səddi uğurla adlanılıb və komandamız mübarizəni qrupda davam etdirib. Yalnız ilk belə hal uğursuzluqla nəticələnib.
2009/10 mövsümündə III təsnifat mərhələsindəki debütümüzü “Bakı” gerçəkləşdirib. İlk müəllifi kimi tarixə düşən “zolaqlılar” Bolqarıstan “Levski”sinə iki matçda qol da vura bilməyib.
3 il sonra “Neftçi” İsrail “Hapoel”i ilə görüşüb. Beyer-Şeva təmsilçisinin meydanında darmadağına məruz qalan “ağ-qaralar” Bakıda məhsuldar bərabərliklə kifayətlənib.
Bu mərhələdəki ilk və hələlik yeganə qələbə 2014-cü ildə qeydə alınıb. “Qarabağ” evdə “Zalsburq”u minimal fərqlə məğlub etsə də, səfərdə üstünlüyünü əldən verib.
Növbəti ildə də ağdamlılar tilsimi qırmağa yaxın olub. Şotlandiyadakı minimal hesablı yenilgidən sonra çempionun Bakıda istəyinə çatacağı gözlənilsə də, “Qarabağ” qolsuz heç-heçə ilə barışıb.
Ötən il yenə ölkəmizi bu yarışda Qurban Qurbanovun yetirmələri təmsil edib. Bu dəfə pley-offa daha da yaxın olan çempionumuz Çexiyada qolsuz heç-heçə etdiyi “Viktoriya”nı evdə keçməli idi. Lakin sonda əldə olunan qollu heç-heçə qonaqların lehinə olub və plzenlilər turu adlayıb.
Ümumiyyətlə isə bu mərhələdəki komandalarımız heç vaxt evdə uduzmayıb. Öz meydanında 1 qələbə və 4 heç-heçəsi olan çempionlarımız səfərdə 1 heç-heçə edib və 4 dəfə uduzub.
Çempionlarımız III təsnifat mərhələsində
2009/10. “Bakı” – “Levski” – 0:0, 0:2
2012/13. “Neftçi” – “Hapoel” Beyer-Şeva – 0:4, 2:2
2014/15. “Qarabağ” – “Zalsburq” – 2:1, 0:2
2015/16. “Seltik” - “Qarabağ” – 1:0, 0:0
2016/17. “Viktoriya” – “Qarabağ” – 0:0, 1:1
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi