[b]Topaz Premyer Liqasında “66”lıq[/b]
16.11.2016 - 17:25
[b]Topaz Premyer Liqasında “66”lıq[/b]

Topaz Premyer Liqasının 2016/17 mövsümündə 66 legioner iştirak edib. Apasport.az saytının məlumatına görə, arxada qalan 11 turun 44 qarşılaşmasında meydana çıxan 174 futbolçudan 108-i yerli, 66-sı gəlmədi.

 

Bu gəlmə oyunçulardan 13-ü milliləşən əcnəbilərdi. Onları legioner kimi, yetirməsi olduqları ölkənin təmsilçisi hesab etsək, çempionatımızda 26 məkandan futbolçu çıxış edib.

 

Topaz Premyer Liqasına Rusiya daha çox – 13 oyunçu verib. Amma bunların 10-u milliləşdirdiyi üçün yerli statusu ilə meydana çıxır.

 

Vaxtilə çempionatımızda az qala sayı hesabı olmayan braziliyalılar isə indi cəmi 10 oyunçu ilə qalıb. 5 futbolçuya malik Serbiya ilk “üçlük”dədi.

 

Ukrayna və Xorvatiya hərəyə 4, Gürcüstan isə 3 futbolçu ilə təmsil olunub. Hərçənd bir neçə il əvvələdək təkcə bir klubda 4-5 gürcü və ya ukraynalının olması təbii qarşılanırdı.

 

7 ölkə - Albaniya, Almaniya, İran, İspaniya, Makedoniya, Portuqaliya və Rumıniyadan iki futbolçu arxada qalan turlarda meydana çıxıb. Lakin almaniyalıların hər ikisi milliləşən türklərdi.

 

ABŞ, Bosniya və Herseqovina, CAR, Çin, Estoniya, Fransa, Kamerun, Liberiya, Litva, Mərakeş, Paraqvay, Venesuela və Nigeriyadan isə cəmi bir futbolçu “66-lıq”dadı. Ən maraqlısı məhz sonunculardı. Çünki ölkəmizə axın məhz nigeriyalılarla başlayıb və neçə mövsüm legioner təmsilçiliyində liderlərdən olublar.