[b]Topmöller "Qarabağ"la görüşdən danışdı: Uduzmaq fikrimiz yoxdu [/b]
21.06.2016 - 13:44
[b]Topmöller "Qarabağ"la görüşdən danışdı: Uduzmaq fikrimiz yoxdu [/b]

“Qarabağ” olduqca güclü komandadı. Onların kifayət qədər Avrokubok təcrübələri var”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Düdelanj”ın baş məşqçisi Dino Topmöller deyib.

 

Lüksemburq klubuna yeni baş məşqçi təyin olunan almaniyalı mütəxəssis rəsmi debüt matçını məhz “Qarabağ”a qarşı keçirəcək.

 

36 yaşlı çalışdırıcı yerli mətbuata açıqlamasında debütünün uğurlu olacağına inandığını söyləyib: “Azərbaycan komandası son iki mövsümdə Avropa Liqasının qrupunda iştirak edib. Onların “Anderlext”lə ötən mövsümdəki görüşünü izləmişdim. 3 ildi ölkələrində çempion olurlar. Kifayət qədər təcrübəli və güclü heyətləri var. Amma bizim də təslim olmaq fikrimiz yoxdu. Debüt oyunumun korlanmasını istəmirəm. Rəqib kim olursa-olsun, meydana uğurlu nəticə üçün çıxacağıq. Məqsədimiz bacardığımız qədər irəliləməkdi”.

 

Qeyd edək ki, “Qarabağ” “Düdelanj”la ilk oyununu iyulun 12-də və ya 13-də Bakıda keçirəcək. Cavab qarşılaşması isə bir həftə sonra Lüksemburqda oynanılacaq.