“Atletiko”nun hücumçusu Fernando Torresin vəziyyəti yaxşılaşıb. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçu özü tvitter hesabı vasitəsilə yazıb.
İspaniya La Liqasının XXV turunda “Deportivo” ilə keçirilən matçda rəqibin sərt müdaxiləsindən sonra yerə yıxılaraq huşunu itirən İspaniya millisinin üzvü xəstəxanada müayinəsini davam etdirir. Torres tezliklə yaşıl meydanlara qayıtmaq istədiyini vurğulayıb: “Mənə görə narahatlıq keçirən və dəstək verən hər kəsə təşəkkür edirəm. Qorxulu bir şey yoxdu. Ümid edirəm ki, tezliklə sıraya dönəcəm”.
Madrid klubu isə rəsmi saytı vasitəsilə Torresin hazırkı durumu ilə bağlı məlumat yayıb. Xəbərdə ulduz futbolçunun beyin zədəsi almadığı, yaddaşının yerində olduğu bildirilib. Ancaq tibbi testlərdən keçməsi üçün bir müddət xəstəxanada qalacaq.
Qeyd edək ki, “Deportivo” – “Atletiko” matçı 1:1 hesabı ilə nəticələnib.