Sabah Topaz Premyer Liqasında 2016/17 mövsümünə start veriləcək. Apasport.az saytının məlumatına görə, ötən mövsümün finişindən sonrakı 77 günlük fasiləyə “AZAL Arena”da son veriləcək.
Sayca 25-ci – yubiley çempionatının ilk turunun 4 qarşılaşması 3 gün ərzində keçiriləcək. Bütün oyunları Bakıda baş tutacaq.
Turun ilk matçında AZAL “Neftçi”ni qəbul edəcək. Ötən mövsüm avrokuboklara vəsiqə uğrunda sonadək mübarizə aparan paytaxt klubları ilk turda fərqli durumda çıxacaq. Avropa Liqasındakı uğursuzluğu unutdurmalı olan “Neftçi” komandadan incik düşən, boykot sədaları səsləndirən azarkeşləri geri qaytarmaq üçün 3 xal qazanmalıdı. Yay fasiləsində ölkədən kənara çıxa bilməyən yeganə Premyer Liqa klubu olan AZAL isə toplanışın xaricdə keçirilməsinin zəruri olmadığını isbatlamağa, həm də avrokuboklar mübarizəsindəki məğlubiyyətin revanşını almağa çalışacaq.
İlk oyun günündə baş tutacaq “Zirə” – “Sumqayıt” matçı hər iki komandanın yenilənmiş heyətinə baxış xarakteri daşıyır. Qitə miqyaslı turnirlərdə oynamayan rəqiblər mövsümə uğurlu start götürmək niyyətindədi. Ötən mövsümkü gümüşün təsadüf olmadığını sübut etməli olan zirəlilər elə ilk turdan avrokubok iddiasını ortaya qoymalıdı. “Sumqayıt” isə indiyədək məğlub edə bilmədiyi rəqibi büdrətməklə səfərdən xalla dönmək arzusundadı.
Turun mərkəzi oyunu “İnter Arena”da keçiriləcək. Son 3 mövsümün çempionu “Qarabağ” kifayət qədər iddialı “İnter”in qonağı olacaq. Bu görüş cəza üzündən qitə kuboklarına qatılmayan, yay fasiləsində yaxşı hazırlıq keçib, heyətini gücləndirən “bankirlər”in nəyə qadir olduğunu göstərəcək. Qurban Qurbanovun yetirmələri isə Çempionlar Liqası ilə acınacaqlı vidalaşmadan sonra yaranan ruh düşkünlüyünü atmaq üçün qalib gəlməyə borcludu. Məhz rəqibin bu durumu bakılıların işinə yarayır. Zaur Svanadzenin yetirmələri çempiona növbəti zərbəni doğma meydanda vura bilər.
Tura “Dalğa Arena”da yekun vurulacaq. Cari mövsüm avrokuboklarda ölkəmizi təmsil edən “Qəbələ” və “Kəpəz” paytaxtda üz-üzə gələcək. Sonuncular avrokuboklarla vidalaşdığı stadiona qonaq kimi çıxacaq. Ev oyununu Bakıda keçirməli olan “qırmızı-qaralar”ı isə yeni simada görəcəyik.
Belə ki, Avropa Liqasında artıq 3 mərhələni arxada qoyan Roman Qriqorçukun yetirmələri legioner limiti üzündən fərqli heyətlə meydana çıxmalı olacaq. Məhz bu amil də qonaqlara xal qazanmaq şansı yaradır. Ötən mövsümün son turunda bürünc medal uğrunda mübarizədə üz-üzə gələn rəqiblər bu dəfə startda münasibətlərini ayırd edəcək.
Qeyd edək ki, ölkə çempionatı ilk dəfə 8 komandanın iştirakı ilə keçirilir.
Topaz Premyer Liqası
I tur
6 avqust (şənbə)
18:00. AZAL – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim inspektor: Asim Xudiyev
“AZAL Arena”
20:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Rövşən Rəcəbov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim inspektor: Füzuli Nəcəfov
Zirə İdman Kompleksinin stadionu
7 avqust (bazar)
20:00. “İnter” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim inspektor: Məlik Həsənov
“İnter Arena”
8 avqust (bazar ertəsi)
19:00. “Qəbələ” – “Kəpəz”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Nahid Əliyev, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim inspektor: Xaqani Məmmədov
“Dalğa Arena”