[b]UEFA-nın hesabatında Azərbaycanın yeganə təsəllisi[/b]
18.01.2018 - 12:22
[b]UEFA-nın hesabatında Azərbaycanın yeganə təsəllisi[/b]

UEFA 2017-ci ilin maliyyə hesabatını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu assosiasiyaya üzv olan 55 ölkənin liqalarındakı durumu təhlil edib.

 

Azərbaycan və digər Şərqi Avropa ölkələrində son illər yaşanan maliyyə çətinlikləri UEFA-nın hesabatında da əksini tapıb: “Avropanın “Top-20” ölkələrindən kənarda liqaların yalnız 2/3-də gəlirlər artıb. Şərqi Avropada çətin şəraitin davam etməsinə bir sıra sübutlar var. Azərbaycan, Ermənistan, Belarus və Moldovada kommersiya və sponsor gəlirlərinin ikirəqəmli ədədlə ifadə olunacaq qədər azalması xəbərləri gəlir. Buran belə nəticə çıxır ki, əksər klublar üçün sponsor və xeyriyyəçi gəlirləri arasında əlaqə aydın deyil. Əksər klublar hələ də xeyriyyəçilərin maliyyələşməsindən asılıdı. Gəlirlərin belə azalması narahatçılığa əsas verir”.

 

Hesabatda yüksək liqalardakı klub sayları üzrə cədvəl də yer alıb. Cəmi 8 komandanın ümidinə qalan Azərbaycan Premyer Liqası Andorra, Latviya və Litva ilə eyni sırada durub. Qitənin ən az komandalı 5 çempionatı sırasında yer alan liqamız yalnız Ermənistanı arxada qoyur. Sonuncuların yüksək liqasında cəmi 6 klub var.

 

Premyer Liqamız son üç mövsümdə komanda sayı azalan çempionatlar arasında da yer alıb. Ermənistan, Litva, Gürcüstan, Monteneqro, Bosniya və Herseqovina, Ukrayna da eyni durumla üzləşib.

 

Hesabatda Azərbaycan üçün yeganə təsəlli UEFA reytinqi ilə bağlıdı. Maliyyə məsələlərində ürəkaçan mövqelərdə olmayan Premyer Liqa son 10 mövsümdəki irəliləyişi ilə fərqlənib.

 

42-ci yerdən 26-cı sıraya yüksələn Azərbaycan arxada qalan on ildə 16 pilləlik inkişafa nail olub. Bu da qitədə 2-ci göstəricidi. Qazaxıstanla eyni nəticəyə malik ölkəmiz yalnız Belarusdan geri qalır. Sonuncular daha çox – 21 addım irəliləyib.

 

0