UEFA 2018-19 mövsümündə avrokubokların final matçına ev sahibliyi etmək istəyən stadionların gəzintisini davam etdirir. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun nümayəndələri bu gün “Beşiktaş”ın stadionu “Vodafon Park”ı təftiş ediblər.
Bakı Olimpiya Stadionu (BOS) kimi, Avropa Liqasının final görüşünün ev sahibliyinə namizəd olan “Vodafon Park”ın direktoru, həmçinin “Beşiktaş” rəsmiləri UEFA nümayəndələrini qəbul ediblər. Onlar əsasən stadionun təhlükəsizlik sisteminin, giriş və çıxışların, VİP lojaların, sponsor qəbul etmə yerlərinin, akkreditasiya sisteminin, mətbuat üçün ayırılmış zonanın, avtomobil dayanacağının və bir sıra yerlərin son durumu ilə tanış olublar.
Əlavə edək ki, bu iki arena ilə yanaşı, “Dinamo Arena” (Tiflis, Gürcüstan), “Frankfurt” (Frankfurt, Almaniya), “Ştutqart Arena” (Ştutqart, Almaniya), “Hampden Park” (Qlazqo, Şotlandiya) və “Roman Sançes” stadionu (Sevilya, İspaniya) da 2018-19 mövsümündə Avropa Liqasının final görüşünə ev sahibliyi üçün müraciət edib. UEFA stadionlarla bağlı qərarını sentyabrda açıqlayacaq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu 2018-19 mövsümündə Çempionlar Liqasının finalına da namizəddi. Burdakı yeganə rəqib isə “Atletiko”nun yeni arenası “Metropolitano” olacaq.