UEFA prezidentliyinə daha bir namizədin adı müəyyənləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Sloveniya Futbol Federasiyasının prezidenti Aleksandr Ceferin bu postu tutmaq niyyətindədi.
Ceferin bəzi federasiya nümayəndələrinin Rusiyanın paytaxtı Moskvada keçirilən toplantısında namizədliyini irəli sürüb.
O, qitənin bir çox federasiyasından dəstək aldığı üçün Mişel Platininin gedişindən sonra boş qalan vəzifəni icra etmək qərarına gəldiyini söyləyib: “Mənə dəstək verənlərin hamısının haqqımda ətraflı məlumata malik olduğunu gördüm. UEFA-nın mənim kimi bir prezidentə ehtiyacı olduğunu bildirdilər. Seçilib-seçilməyəcəyimi sentyabr ayında görəcəyik”.
Sloveniyalı futbol adamı UEFA prezidentliyinə 4-cü namizəd olub. Ondan öncə hazırda ali futbol təşkilatının vitse-prezdenti və Niderland Krallığı Futbol Federasiyasının rəhbəri olan 68 yaşlı Mixael van Praq, İspaniya Kral Futbol Federasiyasının prezidenti 66 yaşlı Migel Anxel Vilyar və İngiltərə Futbol Federasiyasının prezidenti Qrek Dayk namizədliklərini irəli sürmüşdülər.
Qeyd edək ki, UEFA-nın yeni rəhbəri sentyabrın 14-də Yunanıstanın paytaxtı Afina şəhərində baş tutacaq Konfransda seçiləcək.