Bu gün Rəşad Sadıqov millidən gedir. Apasport.az saytının xəbərinə görə, bununla əlaqədar Cüdo Federasiyası və “Neftçi İdman Klubu” İctimai Birliyinin kollektivi kapitana ürək sözlərini yazıblar.
“Oktyabrın 5-də keçiriləcək Azərbaycan - Çexiya matçındakı çıxışı kapitanın yığmada sonuncu oyunu olacaq. Bununla bağlı Bakı Olimpiya Stadionunda onunla vida tədbiri də nəzərdə tutulub.
Rəşad Sadıqov Azərbaycan futbolunun inkişafı üçün, milli komandamız üçün bacardığından daha artığını etdi. O, istər ölkə xaricində, istər yerli klublarımızda və istərsə də yığma komandamızın heyətində çıxışı zamanı daim Azərbaycanı layiqincə təmsil etməklə bərabər, həm də milyonlarla azarkeşə sevinc bəxş etməyi və onların sevimlisinə çevrilməyi bacardı.
Rəşad milli komandamızın formasını ən çox geyinən futbolçudur. 110 dəfə millinin heyətində meydana çıxan Sadıqov bu gün də əsas komandamızın lideridi. O, ən çətin anlarda əzmkarlığı, iradəsi, xarakteri sayəsində toparlanmağı və komanda yoldaşlarını öz ətrafında toplamağı bacaran futbolçudu. Məhz kapitana lazım olan ən önəmli xüsusiyyətlər və onun böyüklüyü elə bu deyilmi?!
Sadıqov Azərbaycan futbol tarixində öz sözünü demiş və qazandığı sevgi ilə daim futbol azarkeşlərinin, futbolsevərlərin qəlbində özünə yuva qurmağı bacarmış biridi. İnanırıq ki, o, bundan sonra da ölkə futbolunun uğurları, inkişafı üçün var gücü ilə çalışacaq və bu idman növünün zirvələrə yüksəlməsi yolunda əlindən gələni əsirgəməyəcək.
Biz də Rəşad Sadıqova çətin, məsuliyyətli və olduqca şərəfli işində yeni-yeni müvəffəqiyyətlər arzu edir, cansağlığı və ailə səadəti diləyirik”.
Dərin hörmətlə, “Neftçi İdman Klubu” İctimai Birliyi və Azərbaycan Cüdo Federasiyasının kollektivləri
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO