Və nəhayət... Uzun həsrət, əziyyət və istək bəhrəsini verdi. İlk dəfə olaraq, komanda oyunlarında dünya çempionatına vəsiqə qazanan futzal üzrə Azərbaycan millisi uzaq Kolumbiyada tökdüyü tərin qarşılığını gördü.
Əslində, mundialda debüt etməyi millimiz hələ 2012-ci ildə haqq etmişdi. Amma son anda Rusiyaya Bakıdakı məğlubiyyət qapıları üzümüzə bağladı, bəlkə də növbəti addım üçün təkan verdi...
Zirvəyə zirvədən
Xorvatiyadan başlayan aşırımın zirvəsinə çatmaq üçün zirvədə yer almaq lazımdı. Ardıcıl iki böyükhesablı qələbə xorvatlarla dueldə heç-heçə üçün də kifayət edəcəkdi, etdi də. “İkincilər”lə duelə yollanmaq hüququ qazanan millimizin qismətinə püşk elə ən münasib rəqibi çıxardı. Səfərdə işinin öhdəsindən gəlməklə Bakıdakı oyunu bir növ formallığa çevirən yığmamız zala toplaşan azarkeşlərə həyəcanlı anlar yaşatmağı bacardı, eyni zamanda tarixi zəfəri birgə qeyd etmək imkanı verdi. Artıq Kolumbiyada tər tökəcək 24 komandadan biri Azərbaycan idi.
İlk “50-lik”dən qaçan
Kolumbiya – məşhur italiyalı dəniz səyyahı Xristofor Kolumbun şərəfinə adlandırılan ölkə böyüklüyünə görə Cənubi Amerikada üçüncüdü. Biz bu məmləkəti daha çox kriminal aləmin at oynatdığı, kokain, heroin istehsalçısı, killerlərin söz sahibi olduğu ölkə kimi tanıyırıq. Əslində, bu cür yanaşmaya görə kimisə qınamaq da mümkün deyil. Çünki cəmi 20 il əvvələ qədər Kolumbiya bu cür idi. Dünyaca məşhur Pablo Eskobar kimi qaçaqmalçı və narkobaronun yaşadığı yer haqda özgə nə düşünmək olardı? Qismətdən millimizin keçirəcəyi oyunlara Medellin - Eskobarın doğma şəhəri ev sahibliyi edəcəkdi. Səfərdən öncə internet resurslarına baş vurduq. Məlum oldu ki, vaxtilə hökumətə qarşı mübarizə aparan Eskobar Medellendə hələ də sevilir. Xüsusilə də, əhalinin kasıb təbəqəsi onun həm qulu, həm də silahı olub. Onların könlünü almaq, sadiq quluna çevirmək üçün narkobaron biznesi böyüdükdən, iddiası artıqdan sonra qırmızı kərpicdən mənzillər tikdirib və “rəiyyət”inə hədiyyə edib. Həmin “şəhərciy”i keçmiş “Sovetski”yə, bəlkə də Alatavaya bənzətmək olar.
Bu gün də münasibət birmənalı deyil ona. Düzdü, xüsusilə də, gənclər ondan miras qalan “zəhər”dən qurtulmaq üçün günün çox hissəsini idman zallarında, rəqs salonlarında keçirirlər. Hər cəhddə öyrənməyə, yeni informasiya əldə etməyə çalışan gənclər əvvəlki nəslin çəkdiyi əziyyəti gördükləri üçün qurtuluş yolunu axtarırlar. Təsadüfi deyil ki, 90-cı illərdə dünyanın ən təhlükəli, cinayətin çox işləndiyi şəhəri hesab edilən Medellin artıq “ilk 50-lik”də belə yoxdu. Amma dünyanın əksər yerində olduğu kimi, burda da işsizlik problemdi. Bu üzdən bir qrup hələ də öldürməkdən vaz keçmir.
Dağlar qoynunda
Təxminən 15 gün qonağı olduğumuz Medellin şəhərinin yaratdığı təəssüratı sözlərə çevirmək, həqiqətən, müşkül məsələdi. Təbiətin bəxş etdiyi gözəllik haqda ancaq xoş sözlər demək olar. Zəlzələ belə, şəhərin füsunkarlığına xələl gətirmədi. Dağların qoynunda yerləşən Medellinin təmiz, sakit havası dincəlmək istəyənlər üçün əsl tapıntıdı. Avropada görmədiyimiz istiqanlılıq, gülərüzlülük ilk dəfə səfər edən turistlərə sanki növbəti səfər üçün dəvətnamədi. FİFA-nın turnir üzrə media offiseri ilə söhbət zamanı həmkarımın ingilis olduğunu öyrəndim və o, indi Ekvadorda yaşayır. Həmkarım deyir ki, cənubi amerikalılar əyləncəni çox sevirlər, amma işləməklə araları yoxdu. Avropa insanının tam əksidirlər.
Ekzotik təbiəti, bəxş etdiyi nemətləri ilə adamı valeh edən bu şəhərdə, sən demə, hər bazar günü marafon keçirilir. İki əks-istiqamətli hərəkət zolaqlarından biri nəqliyyata tamamilə qapadılır. Həmin hissə günün sonuna qədər velosipedçilərin və marafon qaçanların ixtiyarına verilir. İnsaf naminə qeyd edək ki, insanlar da bu tədbirdə fəal iştirak edirlər. Yaşlı cavandan, qadın kişidən, hətta uşaqlar belə, geri qalmamağa çalışır. Nəticədə maraqlı, həm də bir qədər əyləncəli mənzərə ortaya çıxır.
“Arzuolunmaz debütant”
Komandamızın çıxışına gəldikdə, qarşıya qoyulan tapşırıq artıqlaması ilə yerinə yetirildi, deyə bilərik. Əksəriyyətimiz qrupdan ən yaxşı üçüncü kimi 1/8 finala yüksəlmək haqda düşünürdük. Çünki çempionların sırasında yer almışdı millimiz. Avropa, Asiya və Afrika nəhənglərinin əhatəsindən ikinci yerlə növbəti mərhələyə yüksəlmək hədəfləri də yüksəltdi. “İştah diş altındadı” deyiblər. Artıq Tailandla oyunda dayanmaq olmazdı. Bu, ən azı qrup oyunlarındakı əziyyəti heçə endirmək idi. Kimsə rəqibi kiçiltmirdi, amma millimiz də qarşısındakı komanda üçün kifayət qədər güclülərdən hesab edilirdi. Oyunun bol qollu keçməsinə FİFA-nın əməkdaşları da biganə qalmadı. “Qol festivalı” adlandırılan matçda top qapı toru ilə 21 dəfə “öpüşdü”. Hətta qapıçımız Rövşən Hüseynli də milli forma ilə bu dəfə hansısa “seyv”in deyil, vurduğu qolun sevinc göz yaşlarını axıtdı. Təbii ki, nəticəyə görə sevindik, qürurlandıq. Hətta millimizin “arzuolunmaz rəqib” imici qazanması da xoşumuza gəldi. Amma üzüləcəyimiz anlar da oldu. Xüsusilə də, üç əsas futzalçımızın sarı vərəqə alması və cəzalı duruma düşməsi Portuqaliya ilə oyunda işimizin xeyli çətin olacağını anons etdi. Bakı vaxtı ilə gecə saat 3-də yuxusuna haram qatan azarkeşlər də razılaşar ki, xüsusilə də, iki pleymeykerin yoxluğunda millimiz rəqibinə qarşı layiqli mübarizə apardı. Son 5 dəqiqədə portuqallara göz açmağa imkan verməyən futzalçılarımızın “çərçivə”yə düşə bilməməsi mübarizəni dayandırmağımıza səbəb oldu. Bununla belə, ilk dəfə iştirakçısı olduğumuz ən mötəbər yarışı 5-6-cı yerdə başa vurmaq uğurlu nəticədi. Baxın, bizdən əvvəl kimlər mübarizəni dayandırdı – Braziliya, İtaliya, Avropa üçüncüsü Qazaxıstan.. Son dünya çempionu 1/8 final mərhələsindən sonra evinə yollandısa, 4 il əvvəl həlledici matçda məğlub olan İspaniya “sambaçılar”dan cəmi bir addım irəli gedə bildi. Əlbəttə, yığmanın bu uğuru təsadüfi, göydəndüşmə deyildi. Baş məşqçinin, rəhbərliyin birgə və düzgün seleksiya işinin bəhrəsi idi. Aha, kimlərsə yenə suyu bulandırmağa, braziliyalı, azərbaycanlı ayrıseçkiliyini ortalığa atmağa çalışır. Halbuki, uğurun dadını çıxarmaq, zövq almaq lazımdı...
Mahal Şahniyar