Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Samtredia” (Gürcüstan) matçının baş hakimi Mete Kalkavan bir ildən sonra yenidən Bakıya gələcək. Apasport.az saytının məlumatına görə, iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşdə fit çalacaq türkiyəli FİFA referisi ötən ilini bu ayında da paytaxtımıza səfər etmişdi.
Həmin vaxt Avropa Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində “Qəbələ” – MTK (Macarıstan) oyununda əsas söz sahibi olan Kalkavan daha öncə bir neçə dəfə ölkəmizdə olub. Həmin görüşü təmsilçimiz 2:0 hesabı ilə qazanmış və mərhələni keçən tərəf olmuşdu.
AÇ-2016-nın seçmə mərhələsinin Azərbaycan – Malta oyununa da təyinat alan türkiyəli qarşılaşmanın əlavə köməkçi hakimi olub. 2015-ci il martın 28-də baş tutan görüşdə yığmamız 2:0 hesablı qələbə qazanıb. Bu matçın baş hakimi isə Halis Özkahya olub. Həmin oyunda baş məşqçi Robert Prosineçkinin millimizdə rəsmi debütü idi.
Kalkavan millimizin daha bir oyununda da eyni funksiyanı yerinə yetirib. Yığmamızın AÇ-2016-nın seçmə mərhələsində İtaliyaya 1:2 hesabı ilə uduzduğu görüşdə əlavə hakim köməkçisi olan referi Hüseyn Göçəkə yardım edib.
Millimizin qarşılaşmalarına yalnız qapı arxası hakim kimi təyinat alan Kalkavan ikinci dəfə klublarımızın görüşündə fit çalacaq.
37 yaşlı FİFA referisi CHP-dən olan millət vəkili Ahmed İhsan Kalkavanın oğludu. İxtisası maşın mühəndisi olan Kalkavan 1999-cu ildən oyun idarə etməyə başlayıb. Superliqada 2003-cü ildə debüt edən referi burada baş hakim kimi ilk matçını 8 ildən sonra idarə edib.
Karyerasında yaddaqalan matçlardan biri 2013-cü ilin aprelinə təsadüf edib. O, Türkiyə Superliqasının “Beşiktaş” - “Antalyaspor” görüşünə vərəqəsiz çıxıb. Matçın 51-ci dəqiqəsində qonaqların futbolçusuna sarı vərəqə göstərmək istəyən referi əlini cibinə atıb. Orada vərəqə olmadığını görən Kalkavan matçın dördüncü hakimin köməyindən yararlanıb. Referi yalnız ondan aldığı vərəqəni futbolçuya göstərə bilib.
Qeyd edək ki, Mete Kalkavan UEFA-nın ikinci kateqoriyasında yer alıb.