Heyətində ciddi dəyişikliklər etməyi planlaşdıran “Qalatasaray” daha bir oyunçu ilə ortaq məxrəcə gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “cim-bom” “Barselona”nın müdafiəçisi Tomas Vermalenlə anlaşıb.
Ötən mövsümü icarə əsasında “Roma”da keçirən 32 yaşlı futbolçunun “Barselona”dan gedəcəyi dəqiqdi. “Beşiktaş”ın da maraq dairəsində olan Belçika millisinin üzvü “sarı-qırmızılılar”ın ilinə 2,5 milyon avroluq təklifini qəbul edib. Artıq “Barsa” ilə danışıqlara başlayan istanbullular bu keçid müqabilində qarşı tərəfə 3 milyon avro ödəməyə hazırdı.
Vermalenin keçidinə çox yaxın olan “Qalatasaray”ın müdafiənin mərkəzi üçün düşündüyü digər oyunçu da Belçika millisinin üzvüdü. Belə ki, türklər “Mançester Siti”nin oyunçusu Ceyson Denayeri yenidən icarəyə götürmək niyyətindədi.
Qeyd edək ki, Tomas Vermalenin “Barselona” ilə müqavilə müddəti 2019-cu ilin yayına qədərdi.