“Mənim məsələm Türkiyənin mənfəətlərindən üstün deyil. Volkan bu ordunun sadə bir əsgəridi”. Apasport.az saytı “Axşam” qəzetinə istinadən xəbər verir ki, bu sözləri “Fənərbaxça” klubunun qapıçısı Volkan Dəmirəl deyib.
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Türkiyə yığmasının Qazaxıstanla oyunu öncəsi azarkeşlərlə problem yaşayan təcrübəli qolkiper stadionu tərk etmək məcburiyyətində qalmışdı. Bu hərəkətindən sonra baş məşqçi Fatih Terim onu növbəti toplanışlara dəvət etməmişdi.
Volkan Dəmirəlin “ay-ulduzlular”ın son toplanışına da çağırılmaması onun tərəfdarlarının narazılığına səbəb olub. Lakin 35 yaşlı çərçivə qoruyucusu bu məsələnin gündəmə gətirilməsinə qarşı çıxıb: “Hazırlıq oyunu olsa belə, ondan əvvəl bu məsələni gündəmə gətirməklə yığma komandanın diqqətini dağıtmaq lazım deyildi. Vaxtı gələndə Fatih Terim qərarını verər. Çağırılsam, sonuna qədər milli komandanın əmrindəyəm”.
“Volkan üzr istəsə, yenidən yığmaya dəvət alar” fikrinə qapıçı sərt reaksiya göstərib: “Üzr istəyəcək bir şey etmədim. Mənim körpəmə söyüş söyülürsə, üzr istəməli olan kəs həmin söyüşü söyəndi. Bu, təkcə Volkan məsələsi deyil. Burda söhbət milli formadan gedir. Türk bayrağı altında bu bayrağın təmsilçisindən hər hansı birinə eyni hərəkət edilsə, onun qarşısı alınmalıdı. İnsanlar körpəmi söydüyünə görə sərt reaksiya verdiyimə görə çıxıb üzr istəməyimi tələb edirlər? “Üzr istəyirəm, övladıma, ailəmə söyə bilərsən” deyim? Bəs bizim ailəmiz, övladlarımız, namusumuz ən önəmli dəyərlərimiz idi. “Milli komanda ailəmizə söyüş söyülən yerdi” deməyimi istəyirlər? Həmin hərəkət başqa bir futbolçuya qarşı edilsə, bəs o düşünməyəcək ki, Volkana söydülər, üsyan etdi, sonra da gedib üzr istədi? Çıxış yolu budu? Məndən üzr istəyəcəyimi gözləməsinlər”.