DÇ-2018-in seçmə mərhələsinin sabahkı oyunu Azərbaycan və Norveç millilərinin 6-cı dueli olacaq. Apasport.az saytının məlumatına görə, Osloda üz-üzə gələcək komandalar indiyədək 5 dəfə qarşılaşıb.
Rəqiblər arasında bütün görüşlər seçmə mərhələlər çərçivəsində baş tutub. Komandamız skandinaviyalılarla ilk dəfə DÇ-1998-də üz-üzə gəlib.
1996-cı il iyunun 2-də Osloda təşkil olunan matçda yığmamız meydana çıxmağına peşman olub. Belə ki, Solbakken və Sulşerin dublları, Strandlinin 1 topu norveçlilərə 5:0 hesablı qələbənin sevincini yaşadıb.
1997-ci il sentyabrın 6-da Bakıda baş tutan matçda da skandinaviyalılar qalib gəlib. Bu dəfə Flonun qolu həlledici olub – 1:0.
AÇ-2016-nin seçmə mərhələsində iki komandanın yolları yenidən kəsişib. 2014-cü il noyabrın 16-da Bakıda keçirilən ilk matçın taleyini yenə 1 qol həll edib. Bu dəfə qonaqlara Nordveldt 3 xal qazandırıb. 2015-ci iyunun 12-də baş tutan səfər matçında isə yığmamız ilk dəfə xal alıb. Bu dəfə rəqiblər Oslodakı “Ulleval”ı qolsuz tərk edib.
İki yığma arasında son duel isə DÇ-2018-də baş tutub. Millimiz ötən il oktyabrın 8-də Norveç sindromunu qıra bilib. İlk dəfə rəqib qapısına yol tapan yığmamız Maksim Medvedevin qolu ilə qalib gəlib – 1:0.
Arxada qalan 5 oyuna baxdıqda, bir sıra tendensiyalar diqqət çəkir. Azərbaycan – Norveç matçlarında qol vuran komanda mütləq qalib gəlir. Təbii ki, qol vurulursa. Yəni hesabı açmağa müvəffəq olan tərəf ya elə minimal qələbə qazanır, ya da fərqi artırır.
Bakıdakı bütün oyunlar 1:0 hesabı ilə bitibsə, millimiz Osloda qola həsrət qalıb. Eyni zamanda komandamız son iki görüşdə uduzmayıb.
Ümumilikdə isə 5 matçda millimiz 1 qələbə qazanıb, 1 heç-heçə edib və 3 məğlubiyyət alıb. Cəmi 1 qol vuran komandamız öz qapısından 7 top buraxıb.