Üçüncü dövrədə “İnter”lə heç-heçə edən “Sumqayıt” bu dəfə məğlubiyyətlə barışmalı oldu. Paytaxt təmsilçisinə Nizami Hacıyevin vurduğu qol sayəsində yenilən “kimyaçılar”ın kapitanı Vurğun Hüseynov oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Oyunla bağlı nəyi vurğulamaq istərdiniz?
- Xal ehtiyatımızı artırmaq istəyirdik. “İnter”lə oyundan ən az heç-heçə ilə ayrılmağı düşünürdük. Çünki bizdən əvvəl “Zirə” Gəncədə “Kəpəz”ə məğlub oldu. Bir qal qazana bilsəydik, onlarla fərqi 3-ə endirəcəkdik. “Zirə” ilə öz aramızda oyun var, bu da fərqi yox etməyə imkan verəcəkdi. Təəssüf ki, alınmadı. Gəncə səfərini düşünməliyik.
- Bəzi epizodlar zamanı komanda yoldaşlarınız sanki nə etmək istədiklərini bilmirdilər. Hücumu necə qurmağı, kimə ötürmə etməyi düşünürdülər. Elə bil yeni yaranmış bir komanda var idi meydanda...
- Hər bir komandanın yüksəlişi olduğu kimi, enişi də olur. Komandamızın nə etmək istədiyini bilmədiyini düşünmürəm. Sadəcə, bəzən istədiyini reallaşdıra bilmirsən. Futbolda belə anlar olur.
- Kapitan kimi çatışmayan cəhətlərdən hansıları qabardardınız? Çünki rəhbərliklə baş məşqçi fərqli fikirlər söyləyirlər...
- Yeni yığılan zaman heç kim bizim Avropa Liqasına düşmək üçün mübarizə aparacağımızı deyə bilməzdi. Amma bu, artıq reallıqdı. Bura qədər gəlmişiksə, əziyyətimizin bəhrəsini görürük. Bəzi komandalar bir dəfə məşq edəndə, biz 5 qat artığını edirik. Rəhbərliklə baş məşqçi arasında fikir ayrılığına gəldikdə, onların əvəzindən nəsə deyə bilmərəm.
- Samir Abasov qarşıdakı 6 oyunun birində qələbə qazana bilsək, bizim üçün kifayətdi, deyib. Bu istehzanı necə qəbul edirsiz?
- Samir müəllim bu fikri əsəbi halda deyib. O, bizə hər zaman inanır. İnam olmasaydı, bu gün komandanın başında durmazdı. Əksinə, 6 oyunun hamısında uğur qazanmaq istəyirik. Doğma meydanımızda “Neftçi”, “Zirə” kimi komandaları qəbul edəcəyik. Həmin oyunlardan da yaxşı nəticələrlə ayrılmağa çalışacağıq.