[b]Yarım illik həsrət “Qəbələ” ilə oyunda bitəcək [/b]
18.11.2016 - 10:46
[b]Yarım illik həsrət “Qəbələ” ilə oyunda bitəcək [/b]

Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən olan “Maynts”ın iki futbolçusu sıraya dönüb. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, söhbət Fabian Fray və Denni Latzadan gedir.

 

İsveçrəli yarımmüdafiəçi Fray bir müddət idi ki, zədədən əziyyət çəkirdi. Onun sıraya dönməsi baş məşqçi Martin Şmidti sevindirib. Frayın Bundesliqanın növbəti turu çərçivəsində “Frayburq”la matçda iştirak edəcəyi gözlənilir. Bununla belə, Şmidt riskə getməyərək, onu dərhal meydana buraxmaya da bilər. Lakin 27 yaşlı futbolçu dekabrın 8-də “Qəbələ” ilə görüşdə forma geyinə biləcək.

 

Dayaq yarımmüdafiəçisi Denni Latza da zədəsini sağaldaraq, yarım illik fasilədən sonra komanda ilə məşqlərə başlayıb. Bununla bağlı danışan Şmidt Latzanın qayıdışına da sevindiyini bildirib: “Təmkinli olmalıyıq. Denni uzun fasilədən sonra sıraya dönüb. Onu birdən-birə meydana buraxa bilmərəm”.

 

Baş məşqçi əlavə edib ki, Latza dekabrın əvvəlinə qədər əvvəlki formasını tam bərpa edə biləcək. Bu isə o deməkdi ki, ötən ildən “Maynts”ın formasını geyinən yarımmüdafiəçi “Qəbələ” ilə matça tam hazır olacaq.