[b]Yarımfinala doğru ilk addım[/b]
01.03.2016 - 09:45
[b]Yarımfinala doğru ilk addım[/b]

Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsinə start veriləcək. Apasport.az saytının xəbərinə görə, mərhələnin ilk qarşılaşmaları baş tutacaq.

 

8 komandanın mübarizə apardığı yarış çərçivəsində keçiriləcək 4 qarşılaşmadan üçü paytaxtda, biri əyalətdə keçiriləcək. Yarımfinal iddiasında olan komandalar iki matçdan ibarət duellərdə ilk addımını atacaq.

 

Günün ilk görüşü də Lənkəranda olacaq. Prinsipial rəqiblər “Xəzər Lənkəran”la “Neftçi” yarımfinala doğru ilk addımını atmağa çalışacaq. Heç də ən yaxşı günlərini yaşamayan komandalar Premyer Liqadakı uğursuz çıxışını kubokda sığortalamalıdı.

 

Günün ikinci matçında “Qarabağ” “Sumqayıt”la görüşəcək. Ardıcıl ikinci dəfə “Qızıl dubl”a imza atmaq istəyən ağdamlılar “Gənclik şəhəri” təmsilçisi ilə matçda çətinlik yaşamamalıdı. Çempionatın ortabablarından biri isə “Qarabağ”ı büdrədib, sensasiyaya doğru addım atmaq arzusundadı.

 

Günün ən maraqlı qarşılaşması Zirədə baş tutacaq. Çempionatın medalları uğrunda mübarizə aparan iki komandanın kubokda da rəqib olması matçın gərginliyini artırır. “Qəbələ” cari mövsümdə evdə uduzmayan “Zirə”nin bu seriyasını qırmaq istəyindədi. Meydan sahibləri isə səfərdə daha yaxşı oynayan “qırmızı-qaralar”ı da keçmək, bununla da 2016-cı ildəki qələbə seriyasını davam etdirmək üçün meydana çıxacaq.

 

Mərhələnin yeganə paytaxt derbisində “Rəvan” “İnter”lə görüşəcək. Premyer Liqanın autsayderi ilə duelin aşkar favoriti olan “bankirlər”in çətinlik yaşamayacağı gözlənilir. Ağır günlərini yaşayan Bəhmən Həsənovun komandası isə sensasiya arzusunu gerçəkləşdirməlidi.


Azərbaycan kuboku

1/4 final, ilk oyunlar

2 mart (çərşənbə)


14:00. “Xəzər Lənkəran” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov 
“Xəzər Lənkəran” mərkəzi stadionu

 

17:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Elvin Əsgərov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu


18:00. “Zirə” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Rauf Cabbarov
Zirə İdman Kompleksinin stadionu

 

19:00. “Rəvan” – “İnter”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
“Bayıl Arena”