[b]Yayın uğurlu transferləri[/b]
26.12.2016 - 16:55
[b]Yayın uğurlu transferləri[/b]

Yay transfer dönəminin uğursuz transferlərindən sonra indi də Topaz Premyer Liqasında çıxış edən klubların mövsümlərarası fasilədəki ən uğurlu keçidlərini araşdırdıq. Apasport.az saytı xəbər verir ki, bu dəfə 8 klubun hər birinin yayda heyətinə cəlb etdiyi ən yaxşı futbolçunu müəyyənləşdirməyə çalışdıq.

 

Dino Ndlovu

Əslində, Cənubi Afrika Respublikasından olan hücumçunu ən yaxşılar arasında göstərməyimiz onun öz oyunundan çox, yayda “Qarabağ”ın gətirdiyi futbolçuların çıxışı ilə əlaqədardı. Çünki Ağdam klubunun mövsümlərarası fasilədə heyətə cəlb etdiyi oyunçuların heç biri ümidləri doğrultmadı. Yalnız Ndlovu əsas heyətdə özünə yer tapa bildi. Bunda Reynaldonun uzun müddət zədədən əziyyət çəkməsinin və başqa alternativin olmamasının da müəyyən rolu oldu. Çempionatda cəmi 3, avrokuboklarda isə 1 qol vuran futbolçunu ən yaxşılar arasında göstərməyimiz sadəcə, məcburiyyətdəndi. Ölkə kubokunda vurduğu 3 topla isə öyünməyə haqqı yoxdu. Çünki 26 yaşlı forvard bunları “Sumqayıt” və I divizion təmsilçisi “Səbail”in qapısından keçirib.

 

Filip Ozobiç

Yay transfer dönəmindən ən yaxşı şəkildə yararlanan komanda, şübhəsiz ki, “Qəbələ” oldu. Petar Franyiç istisna olmaqla, “qırmızı-qaralar”ın yayda transfer etdikləri futbolçuların hamısı ümidləri doğrultdu. Teo Uiks mövsümə əla başlasa da, bunun davamını gətirə bilmədi. Düzdü, zədə və qeyri-stabil oyun ona mane oldu. Ancaq yenə də komandasına xeyir verə bildi. Nika Kvekveskiri də “Qəbələ”nin gücünə güc qatan oyunçulardan oldu. Di gəl ki, ağır zədə onu ilk yarının böyük hissəsini kənarda qalmağa vadar etdi. Ruslan Qurbanov kollektivə gec qoşulsa da, çox tez uyğunlaşdı. Komandasının hücumları zamanı ön planda olmağı bacardı, Avropa Liqasının qrup mərhələsində 2 qolun müəllifi oldu. Baqali Dabonu yuxarıda adları sadalananlardan ayırmaq lazımdı. Çünki həm çempionatda, həm də avrokuboklarda qolçuluq bacarığını nümayiş etdirməyi bacardı. Fransız forvard digər 7 klubun bütün transferlərindən uğurlu idi. Ancaq “Qəbələ”də bir futbolçu var ki, onu heç kimlə müqayisə etmək olmaz. Təbii ki, bu, Filip Ozobiçdi. Yarımmüdafiəçi olmasına baxmayaraq, Dabo ilə birlikdə (7 qol) çempionatda bombardirlər yarışına başçılıq edir, üstəlik, Avroliqada da 2 dəfə fərqləndi. Ozobiç qapıçı Dmitri Bezotosnı ilə yanaşı, həm çempionatda, həm də Avroliqada komandasının əvəzedilməzi oldu. Üstün zəkası, meydanı görmə qabiliyyəti və uzaq məsafədən gözəl zərbələri ilə onu əminliklə yayda Azərbaycana gələn ən güclü futbolçu saymaq olar. Təsadüfi deyil ki, bu yüksəliş sayəsində 25 yaşlı oyunçu Xorvatiya millisinə də çağırıldı.

 

Ruslan Abışov

“İnter”in mövsümlərarası fasilədə aldığı futbolçuların əksəriyyəti əsas heyətin əvəzedilməz üzvünə çevrildi. Ümumiyyətlə, “bankirlər”in ən yaxşı vaxtlarında belə, hansısa oyunçunu fərqləndirmək çətin olur. Çünki paytaxt klubunda ön planda hər zaman sistem olub. Məsələn, Slavik Alxasov, Tərlan Quliyev, Səlahət Ağayev və Ağabala Ramazanov müntəzəm əsas heyətdə çıxış etdilər və komandaya xeyir də verdilər. Lakin məhsuldarlıq baxımından Ruslan Abışovu onlardan fərqləndirmək lazımdı. Milli üzvü dayaq yarımmüdafiəçisi mövqeyində çıxış etməsinə baxmayaraq, çempionatda 5, ölkə kubokunda isə 2 qolla yadda qaldı. Zədələr olmasaydı, 29 yaşlı oyunçu paytaxt təmsilçisinə daha çox xeyir verə bilərdi.

 

Mirabdulla Abbasov

Yayda heyətini, demək olar ki, başdan-ayağa dəyişən “Sumqayıt”ın 13 transferi komandada qaldı. Ancaq onların heç də hamısı ümidləri doğrultmadı. Rail Məlikov və Azər Salahlı müntəzəm meydana çıxdılar və komandaya müəyyən mənada xeyir verdilər. Gənc Yusif Nəbiyevi bu mövsümün tapıntısı saymaq olar. 19 yaşlı cinah müdafiəçisi güclü komandalarla matçlarda da həyəcanlanmırdı, soyuqqanlılığı ilə seçilirdi. Müdafiəçi olmasına baxmayaraq, çempionatda 2 qola da imza atdı. Ancaq “Sumqayıt”ın ən uğurlu transferinin Mirabdulla Abbasov olduğunu düşünürük. Nəbiyev kimi icarəyə götürülən 21 yaşlı hücumçu 14 matçın hamısında iştirak etdi və 4 qola imza atdı. Mirabdulla uğurlu çıxışı sayəsində Məhəmməd Qurbanov və Amil Yunanovu ehtiyata məhkum etdi.

 

Gerhard Proqni

Ötən mövsümün sürpriz komandası olan “Zirə” cari mövsümü zəif keçirir ki, bu da heyətdəki dəyişikliklərlə bağlıdı. Yerlilərdən fərqli, transfer edilən 3 əcnəbi paytaxt təmsilçisinin daha da zəifləməsinə imkan vermədilər. Bunlar Gerhard Proqni, Milan Duriç və Migel Lorenzodu. Hər 3 oyunçu komandanın əvəzedilməzinə çevrildi. Ancaq Proqni digərlərindən daha çox ön planda oldu. Albaniyalı yarımmüdafiəçi Topaz Premyer Liqasında 14 matçın hamısında iştirak etdi, komandasının hücumları zamanı effektli ötürmələrlə yadda qaldı. Üstəlik, aktivinə 2 qol da yazdırdı.

 

Renan Silva

“Kəpəz”in də ən uğurlusu əcnəbidi. Bu mənada 2 oyunçu arasında seçim aparmalı olduq. Həm Renan Silva, həm də Serjio Kosta məşqçilər korpusunun əvəzedilməz oyunçuları oldular. Ancaq gəncəlilər üçün birinci daha çox iş gördü. “Kəpəz” geridə qalan 14 turda 13 qol buraxıb ki, bunu da uğursuz nəticə saymaq olmaz. Komandasının mərkəzə belə az dəvət olunmasında braziliyalı müdafiəçinin əməyi danılmazdı.

 

Jonas Pesalli

“Neftçi”nin mövsümlərarası fasilədəki transferləri, sadəcə, fiasko idi. Təsadüfi deyil ki, yayda gətirilən 6 əcnəbi oyunçudan yalnız Edson Kastilya qış fasiləsini bu komandanın heyətində görə bildi. Mövsümün gedişində heyətə cəlb edilən Boban Baykoviç yaxşı mənada fərqlənmədisə, Jonas Pesalli ölkə kubokunda “Zirə” ilə matçda het-trik edərək, komandasını yarımfinala daşıdı. Düzdü, kimsə bir oyuna əsasən ən yaxşı seçilmir. Ancaq braziliyalı oyunu ilə səviyyəli futbolçu olduğunu ortaya qoymağa başlayıb. Doğrudu, Kastilyadan fərqli, Pesalli az matçda forma geyinib. Buna baxmayaraq, o, qısa müddətdə venesuelalıdan daha çox iş gördü.

 

Aqil Məmmədov

Yay transfer dönəmini hərəkətli keçirməyən AZAL-da kimisə yaxşı mənada fərqləndirmək çox çətindi. Hər halda transferlər uğurlu olsaydı, “təyyarəçilər” indi turnir cədvəlinin “zirzəmi”sində qərarlaşmazdılar. Sadəcə, digərləri ilə müqayisədə təcrübəli Aqil Məmmədov, Ruslan Əmircanov və David Canelidze nəsə etməyə çalışırdılar. Əmircanov meydanda olduğu müddətdə təcrübəsi ilə komandasına kömək olmağa çalışdısa, Canelidze 5 qolla (3-ü çempionatda, 2-si kubokda) yadda qaldı. Ancaq 12 qarşılaşmada 19 dəfə topu tordan çıxarmasına baxmayaraq, Aqil Məmmədovun AZAL-a xeyri daha çox dəydi. Bəzi görüşlərdə məhz onun qurtarışları həlledici rol oynadı ki, bunun sayəsində də bakılıların sonuncu pillədən qurtulmaq ümidləri ölməyib.

 

Ruslan SADIQOV