[b]Yığmamız Qazaxıstanla heç-heçə oynasa...[/b]
04.03.2016 - 13:17
[b]Yığmamız Qazaxıstanla heç-heçə oynasa...[/b]

FİFA milli komandaların növbəti reytinq siyahısını aprelin 7-də açıqlayacaq. Apasport.az saytının məlumatına görə, həmin vaxtadək yığmaların iştirakı ilə 170 qarşılaşma keçiriləcək.

 

Həmin görüşlərdə ehtimal olunan nəticələri müəyyənləşdirən ekspertlər artıq indidən təxmini reytinq siyahısını tərtib ediblər. Mütəxəssislər martın 26-da Qazaxıstanla yoxlama oyunu keçirəcək Azərbaycan millisinin oyununa da proqnoz verib. Bu görüşdən heç-heçə gözlənilir ki, bunun da nəticəsində hesabında 300 xal olan komandamız aktivini 278-ə qədər azaldacaq.

 

Proqnozlarla qurulan cədvəldə 124-cü pilləyə yuvarlanan Robert Prosineçkinin yetirmələri 112-ci yerdən 12 addım geriləyib. Düzdü, komandamız qalib gəlib, bu ehtimalları alt-üst edə bilər. Əks halda, gözlənilən gerçəkləşəcək.

 

Belə olsa, Küveyt, Kuba, Zimbabve, Suriya, Tailand, Tanzaniya, Burundi, Beliz, Gürcüstan, Ermənistan, Madaqaskar, Sent-Kitts və Nevis yığmaları da millimizi arxada qoyacaq.

 

Siyahıdakı ən böyük dəyişiklik isə liderlə bağlı olacaq. Çünki Argentinanın Belçikanı zirvədən salıb, 1-ci yerə qalxması gözlənilir. Avropalıların mövqeyini qorumaq şansları isə 1,47 faizlə ölçülür.

 

Bundan başqa, Çili 3-cü pilləni ələ keçirərək İspaniyanı bu mövqedən sıxışdırıb. Ehtimallar Türkiyə millisinə irəliləyiş vəd edir. “Ay-ulduzlular”ın 20-ci yerdən 16-cı pilləyədək yüksələcəyi gözlənilir.