DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının yer aldığı qrupda daha bir oyunun keçirilmə yeri məlum olub. Apasport.az saytının məlumatına görə, Almaniya ilə Şimali İrlandiya arasında bu il baş tutacaq qarşılaşma Hannoverə salınıb.
Almanlar oktyabrın 11-də III tur çərçivəsində keçiriləcək görüşün “HDİ-Arena” stadionunda oynanılmasını qərara alıblar. Ümumiyyətlə, almanlar seçmə mərhələnin əksər ev görüşlərini 49 min tamaşaçı tutumuna malik bu arenada keçirməyi düşünürlər.
Qeyd edək ki, Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsinin C qrupunda Almaniya, Şimali İrlandiya, Norveç, Çexiya və San Marino ilə mübarizə aparacaq. Bu qrupda San Marino ev oyunlarını “Sarrevalle”, Norveç “Ulleval”, Şimali İrlandiya “Vindsor Park”, Azərbaycan isə Bakı Olimpiya Stadionunda keçirməyi planlaşdırır. Robert Prosineçkinin komandası ilk görüşünü sentyabrın 4-də səfərdə San Marinoya qarşı keçirəcək.